Emin Əmrullayev: WUF13 Azərbaycan gəncliyi üçün əlavə bir İMKANDIR
“BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) tədbiri özlüyündə həm də Azərbaycan gəncliyi üçün öyrənmək və özünü dünyaya daha üstün rəqabətqabiliyyətli bir gənclik kimi nümayiş etdirmək üçün əlavə bir imkandır”.
Aztəhsil.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimində səsləndirib.
Nazir qeyd edib ki, məhz bu tədbir çərçivəsində müxtəlif ali təhsil müəssisələrində təhsil alan və ya məzun olmuş gənc mütəxəssislər, tələbələr bu forumdan əsaslı şəkildə faydalanacaqlar: “Bu onlar üçün ömürboyu davam edəcək bir xatirə və təcrübəyə çevriləcək”.
Emin Əmrullayev həmçinin vurğulayıb ki, “Şəhərsalma və Memarlıq İli” Azərbaycan təhsili və ali təhsil müəssisələri üçün uzunmüddətli inkişafa təsir edən amil kimi xatırlanacaq.
Çünki bu, çox geniş, kompleks bir sahədir və şəhərdə birgə yaşayışın və urbanizasiya tələblərinin ödənilməsi ilə bağlı insanların sosial-mədəni davranışlarını, gündəlik həyatının təşkilini, eləcə də böyük şəhərlərin idarə olunmasında logistik məsələləri özündə ehtiva edir.



























