İşğaldan azad olunmuş ərazilərdə açılan təhsil müəssisələrimizin sayı onlarla ölçüləcək - NAZİR
“Böyük Qayıdış” çərçivəsində işğaldan azad olunmuş ərazilərdə açılan məktəblərimizin və təhsil müəssisələrimizin sayı 30-u ötüb. Demək olar ki, hər tədris ilində, xüsusilə növbəti illərdə bu say onlarla ölçüləcək, yeni məktəb və bağçaların açılması, təhsil alanların sayının isə hazırda minlərlə ölçülməsi müşahidə olunur”.
Aztəhsil.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimində səsləndirib.
Nazir bildirib ki, bu, özlüyündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni şəhərlərin salınması, yeni həyatın qayıtması prosesinin şahidi olduğumuzu göstərir: “ Bugünkü gəncliyin, öz gəncliyini artıq müəyyən mənada bu proseslərə həsr etmiş nəslin ən çox qürur duyduğu məqam odur ki, Azərbaycan özünün ən böyük problemi olan işğal olunmuş ərazilərin azad edilməsi məsələsini həll etmiş, bu problemi gələcək nəsillərə buraxmamışdır.
Bu mənada bir daha Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanına və Azərbaycan Ordusuna minnətdarlığımı ifadə etmək istəyirəm”, – deyə nazir qeyd edib.



























