Nazir: 2 il sonra məktəbi bitirən 20 MİN şagirdin YENİ bacarıqları olacaq
“Əgər məktəbi bitirən 50 min nəfərə yaxın şagird “Python” proqramlaşdırma dilini həyatında ən azı bir dəfə tədris çərçivəsində öyrənibsə, bu, onu heç vaxt “Python” görməmiş nəsillə müqayisədə daha üstün mövqeyə gətirən bir nəticədir”.
Aztəhsil.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimində səsləndirib.
Artıq 8 ildir ki, həyata keçirilən STEAM layihəsindən bəhs edən nazirin sözlərinə görə, bu illər ərzində 300 minə yaxın şagird STEAM təlimlərinə cəlb edilib: “STEAM layihəsi təbiət elmləri, riyaziyyat, mühəndislik və incəsənət kimi sahələri özündə birləşdirən, layihə əsaslı öyrənməyə xidmət edən bir yanaşmadır. Yəni bu, prosesin sonunda hər hansı bir məsələ və ya problemin layihəyə çevrilərək müxtəlif aspektlərdən baxılmaqla həllini özündə ehtiva edən metodik yanaşmadır.
Bu illər ərzində biz artıq 300 minə yaxın şagirdi STEAM təlimlərinə cəlb etmişik. Bu o deməkdir ki, bir neçə ildən sonra, təxminən 2 il sonra Azərbaycan məktəbini bitirən təqribən 20 min şagird həyatında istər 3D printerlə işləmək, istər dronların idarə olunması, istər müxtəlif proqramlaşdırma dillərindən istifadə etməklə texnologiyaların tətbiqi kimi bacarıqlara yiyələnməklə yanaşı, problem həll etmə və layihə hazırlama bacarıqları da əldə etmiş olacaq”.
Nazir xüsusilə vurğulayıb ki, rəqəmsallaşma istiqamətində də hazırda çox ciddi təlimlər davam edir və “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi artıq 500 min nəfəri keçib: “Artıq bizim ilk məzunlarımız da vardır, çünki bu məzunlar bir neçə il əvvəl başladığımız və 2000–2500 nəfəri əhatə edən siniflərdən formalaşmışdır. Növbəti illərdə isə hər il təxminən 40-50 min nəfər rəqəmsal bacarıqlar və kodlaşdırma üzrə keyfiyyətli təlim almış məzunlar yetişəcək”.



























