Astara Pedaqoji Kollecində Heydər Əliyevin xatirəsinə həsr olunmuş YARIŞ keçirilib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Astara Pedaqoji Kollecində dama yarışı keçrilib.
Aztəhsil.az xəbər verir ki, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edilməsi ilə başlanan tədbiri kollecin direktoru, prof. Kamran Kazımov açaraq bildirib ki, müstəqil Azərbaycanın qurucusu və xilaskarı Heydər Əliyev nadir zəka sahibi olaraq ölkəmizi hərtərəfli inkişaf yoluna salmaqla onu bütün dünyaya tanıtdırıb. Məhz buna görə də dahi şəxsiyyətin yaratdığı Azərbaycanın müstəqilliyi möhtəşəmdir, daimidir. Onun siyası kursunu möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir, nəticədə respublikamızın dinamik inkişafı xalqı daha da xoş gələcəyə aparır.
Direktor həmçinin təşkil olunan dama yarışına toxunaraq bildirib ki, respublikamızda idmanın yüksək səviyyə qalxmasında Ulu Öndərin əməyi misilsizdir. Qeyd edib ki, bugünkü idman tədbiri də yadda qalan olacaq.
Daha sonra yarışa start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunlarda iştirakçılar yüksək hazırlıq səviyyəsi göstəriblər. Yarışdan qalıb çıxanlar rəhbərlik tərəfindən təltif olunublar.
Məlumat üçün qeyd edək ki, yarışın təşkilində əsas məqsəd tələbələr arasında intellektual oyunlara marağın artırılması, məntiqi düşüncə və strateji bacarıqların inkişafına dəstək vermək olub.



























