AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyev ölkədə süni intellektin (Sİ) tətbiqinin zəruriliyini xüsusi qeyd etməsi, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi dövlətin bu sahədəki planlarının ciddiliyini göstərir. Ümumiyyətlə 2025-ci il rəqəmsal transformasiya və süni intellektin inkişafı baxımından əlamətdar bir ilkimi tariximizdə qalacaqdır. 2025-ci il ölkəmiz üçün əlamətdar il kimi tarixdə qalacaqdır. Belə ki, bu məsələlərə dair bir neçə konsepsiya və strategiyalar qəbul edilmişdir.
Növbəti mərhələdə bu sənədlərin icrası üçün ciddi addımlara ehtiyac var.
Rəqəmsal transformasiya təkcə kompüterlərin, proqramların və internetin tətbiqi deyil, düşünmə, qərarvermə, idarəetmə və dəyər yaratma üsullarının köklü dəyişməsidir. Rəqəmsallaşma alətlərin dəyişməsidirsə, rəqəmsal transformasiya sistemin və insan davranışının dəyişməsidir. Bu proses texnoloji yox, bəşəri xarakter daşıyır. Bu hədəfə sadəcə texnologiya almaqla deyil, sistemi yenidən düşünməklə çata bilərik. Problem texnologiyada deyil, modeldədir.
Bizdə rəqəmsal transformasiya prosesi əsasən belə düşünülür: platforma alaq, elektron jurnal yaradaq, LMS quraq problem həll olunsun. Bu yanaşma səhvdir. Çünki, rəqəmsal transformasiya avadanlıq dəyişməsi yox, idarəetmə modelinin dəyişməsi, rol və məsuliyyətlərin yenilənməsi, data əsaslı qərarvermə, elm–təhsil–iqtisadiyyat əlaqəsinin qurulmasıdır. Texnologiya yalnız alətdir.
Azərbaycan reallığında bu istiqamətdə köklü problemlər var. Bu problemləri belə qruplaşdırmaq olar:
Elm- təhsil sisteminin zəif ekosistemi. Elm uzun illər ərzində AMEA-da, təhsildən təcrid edilmiş formada olmuş, cüzi maliyyələşmiş və zəif inkişaf etmişdir. Universitet elmi də çox zəif inkişaf etmiş, maliyyələşməsi yox həddində olmuşdur. Elm sənayedən təcrid edilmiş, nəticələrin kommersiyalaşması minimal həddə olmuşdur.Elm-təhsil sistemi qlobal səviyyədə rəqəmsal inkişafdan geridə qalmış, rəqəmsal yetkinlik aşağı səviyyədədir. Bu gün bu sistemin rəqəmsal inkişafının kompleks monitorinqinə ehtiyac var. Təhsildə data mərkəzləşməsi yoxdur, olan məlumatlar da real deyil (məsələn, repetitorların nailiyyətləri məktəblərin uğuru kimi qəbul edilir və bu statistika əsasında qərarlar verilir). Universitetlərin məlumatları da reytinq xatirinə təhrif edilir, manipulyativ məlumatlar önə çəkilir. Bu səbəbdən qərarlar reallığa uyğun olmur.
İnsan kapitalı problemi kəskin şəkildə hiss edilir. Müəllim və alimlər rəqəmsal alətlərlə sistemli işləməyə hazır deyil. Gənc alimlər üçün motivasiya zəifdir. Elmə gələn gənclərin sayı sürətlə azalır. Elmdə gender bərabərliyi pozulmuşdur, kişilər elmə gəlmək istəmirlər, (çünki, maaşlar çox azdır). Ölkədən alimlərin miqrasiyası, beyin axını 30 ildir davam edir.
I.Elm və təhsilin rəqəmsal transformasiyası: nəyi, necə, nə vaxt edək? Nədən başlayaq? Təbii ki, idarəetmədən başlamalıyıq.
Təhsil və elmdə rəqəmsal idarəetmə modeli formalaşmalıdır. ETN sistemində data və analitika mərkəzləri yaradılmalıdır. Bütün məktəb, universitet və elmi institutların “rəqəmsal əkizi” qurulmalıdır. Qərarlar emosiyaya, statistikaya deyil, datalara, proqnozlaşdırıcı analitikaya əsaslanmalıdır. Bu təhlillər “hansı universitetlər zəifdir, niyə?”, “hansı menecerlər yerindədir, hansılar yerində deyil?”, “menecerlərin təcrübəsi, bilgisi, peşəkarlığı, elmi səviyyəsi, vəzifə yararlığı uyğundurmu?”, “menecerin potensualı varmı, onun bu sahədə nə xidmətləri olub, bu sahəyə nə verib, nə verə bilər?”, “universitetlərdə hansı ixtisaslar aktual deyil, niyə?” v.s. kimi suallara konkret cavab verməlidir.Çoxlu belə suallar qoyulmalı və elmi əsaslarla, faktlarla bunlara cavablar verilməlidir.
II. Sistemdə rəqəmsal yetkinlik olmadan rəqəmsal transformasiya mümkün deyil.
Milli “Rəqəmsal yetkinlik çərçivəsi” müəyyən edilməlidir. Hər bir təhsil müəssisəsi üçün rəqəmsal infrastruktur, insan resursu, kurikulum, idarəetmə, elmi fəaliyyət üzrə çoxsəviyyəli (əsasən 5 səviyyədə) rəqəmsal yetkinlik modeli tətbiq olunmalı, ölkə üzrə təhsil müəssisələrinin yetkinlik səviyyəsi, reytinqləri müəyyənləşməlidir.
Biz 3 il əvvəl ETN-ə belə bir təklif vermişdik. Amma heç bir reaksiya olmadı. Əgər ideyanı düzgün anlamayıblarsa, bu pisdir, əgər anlayıb, heç nə də etməyiblərsə, bu daha pisdir.
Bu reytinqin nəticələri təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirmilməsinə, maliyyələşməsinə, onların gələcək pilot layihələrə qoşulmalarına birbaşa təsir etməlidir.
III. Elm-təhsil sisteminin rəqəmsal transformasiyası müəllimin və alimin statusunu transformasiya edir.
Müasir müəllim bilik ötürən yox, öyrənmə memarı olmalıdır. SI müəllimi əvəz etmir, müəllimi mexaniki işlərdən azad edir, onu mentor, layihələndirən (dizayn edən), fərdi inkişaf xəritəsi müəllifi edir.
Sİ ilə silahlanan müasir alim məqalə yazan yox, bilik istehsalçısı olmalıdır. Bu gün məqalə sayı deyil, onun real inkişafa təsiri meyar olmalıdır. Elmi nəticə data, prototip, alqoritm, patent, texnologiya ola bilər, statistika yox. Az sayda məqalə ilə real dəyişiklik başlaya bilər, bəzən də çox sayda məqalə heç nəyi dəyişdirməz.
Rəqəmsal elm-təhsil infrastrukturu qurulmalıdır. Bu məqsədlə yeni HPC & Data mərkəzləri yaradılmalı, universitetlər və elmi mərkəzlər üçün ortaq superkompüter mərkəzi, elmi data bankı, SI modelləri üçün hesablama gücü yaradılmalıdır.
Bunlar olmadan müasir elmi tədqiqatlar, elmi inkişaf ola bilməz.İV. Təhsil forması dəyişməlidir. Bu gün distant və hibrid təhsilin alternativi yoxdur. Bu təhsil texnologoiyası adi, gündəlik təhsil texnologiyası (forması) olmalıdır. 25 illik durgunluqdan sonra, menecerlər nəhayət ki, bunun əhəmiyyətini dərk etməli, geniş tətbiqinə nail olmalıdırlar. Sİ tətbiqi ilə distant təhsil sisteminin imkanları dəələrlə artır. Bu təhsil texnologiyası universitetlərin, regionların, diasporun təhsilinə, gənclərin xaricdə təhsilinə təkan verə bilər, maliyyəyə qənaət etməyə, xaricdən daha çox virtual tələbə qəbul etməyə imkan yaradar. Distant təhsil sistemi olmayan ölkə və universitet rəqəmsal yetkin, rəqabətədavamlı ola bilməz.
V. “Elm–təhsil–iqtisadiyyat” zənciri qurulmalıdır.
Universitetlərimiz “Universitet 2.0” modelindən tədricən yuxarı tərtibli modellərə (“Universitet 3.0, 4.0, 5.0”) keçid etməlidir. Universitetlərimizdə innovativ ekosistem, innovativ infrastruktur yaradılmalıdır.
“Sahibkar Universitet”, “İnnovtiv Universitet”, “Smart Universitet” modellərinə keçid olmalıdır. Universitet diplom verən deyil müəssisə deyil, innovasiya mərkəzi olmalıdır. Universitetlərimizdə texnoparklar, startup inkubatorları, sənaye laboratoriyaları, spin-off şirkətlər yaradılmalıdır. Universitetlərdə kiçik innovativ müəssisələr yaradılmalıdır. 1991-in sonu, 1992-nin əvvəllərində bir neçə universitetimizdə belə müəssisələr yaradılmışdı, amma onların inkişafı üçün mühit və əlverişli şəait olmadığı üçün fəaliyyətləri dayandırıldı.
VI. Elm-təhsil sistemində hüquqi və maliyyə mexanizmləri yenilənməlidir.
Bu istiqamətdə yeni qanunlar və maliyyələşmə modelləri formalaşmalıdır. “Təhsil haqqında”, “Elm haqqında” yeni qanunlar yaradılmalıdır (bu qanunlara rəqəmsal transformasiya, rəqəmsal təhsil, rəqəmsal elm fəlsəfəsi kimi yeni anlayışlar daxil edilməli.) Elm və təhsil sistemində normal Qrant siyasəti hazırlanmalı və reallaşmalıdır.
Qrantlar universitetdaxili və milli səviyyədə verilməlidir. Sənaye müəssisələri tədqiqatlara sifarişlər və qrant verməlidir. Qrantlar nəticəyə yox, bütün dünyada olduğu kimi, prosesə verilməlidir. Əks halda, bu günki durğunluq hələ çox davam edəcəkdir.
Gənc alimlər üçün uzunmüddətli, stabil dəstək proqramları hazırlanmalı, gənclərin elmə gəlişi sürətlənməli, bu günki, süni maneələr ləğv edilməlidir.
Bu yazıda, təbii ki, problemlərin həlli yönündə olan çoxsaylı tədbirlərin cüzi hissəsini sadaladıq. Amma prosesləri doğru-düzgün qurmaq və idarəetmək üçün sistemli təhlillərə və elmi tədqiqatlara ehtiyac var.Bəs bu məqsədlərə çatmaq üçün real potensialımız varmı? Bəli, hələlik var, amma vaxt getdikcə şans azalır. Unutmayaq ki, region ölkələri bu istiqamətdə artıq xeyli irəliləmişlər.
Ölkəmizin bu istiqamətdə müəyyən üstünlükləri də var: əhalinin çox hissəsinin gənc olması, dövlətin bu sahədə ciddi iradəsinin olması, dövlətin davamlı rəqəmsal təşəbbüsləri, enerji gəlirlərinin yaratdığı maliyyə imkanları v.s.
Bu bu istiqamətdə risklər də az deyil: xeyli vaxt itkisi olmuş, bəzi hallarda əvvəlki islahatların formal və yarımçıq olması, bəzi strategiyaların vaxtında tam reallaşmaması, ölkədən beyin axınının sürətlənməsi v.s.
Elm və təhsilin rəqəmsal transformasiyası texniki layihə deyil, bu siyasi, iqtisadi və mədəni qərardır. Qərarlar vaxtında verilməsə, bütün zəruri addımlar vaxtında və düzgün atılmasa, kadr təminatı yüksək səviyyədə olmasa, maliyyələşmə tam olmasa, rəqəmsal iqtisadiyyatın qurulması ləngiyəcək, universitetlərimizin inkişafı yenə də aşağı səviyyədə qalacaq, elm-təhsil sistemi formal və səmərəsiz fəaliyyətə çevriləcək. Əgər elmə əsaslanan doğru qərarlar verilərsə, gələcəkdə regionun bilik və texnologiya mərkəzlərindən birinə çevrilə bilərik.