Füzuli Təhsil Sektorunda ƏSL SİRK
Bu gün Füzuli Olimpiya İdman Kompleksində "Səyyar Sirk" şousu təşkil olunub. Füzuli Təhsil Sektorunun xətti ilə məktəblərdə şagirdlərə məcburi şəkildə 12 AZN qiymətində "Səyyar Sirk" biletləri satdırılıb.
Füzuli Olimpiya İdman Kompleksində təşkil olunan bu şouya uşaqları aparmaq üçün valideynlərdən əlavə olaraq minimum 2 AZN yol pulu da yığılır.
İşin ən acınacaqlı tərəfi isə bu prosesin inzibati təzyiqlərlə həyata keçirilməsidir. Məktəb rəhbərliklərinə "20-30 bilet" kimi kvotalar qoyulur və bu biletlərin nəyin bahasına olursa-olsun satılması tələb olunur. Elə məktəblər var ki, artıq 600 AZN-ə yaxın vəsait yığılaraq təhvil verilib. Müəllimlərin bir qismi isə planı doldura bilmədiyi üçün bilet pullarını öz ciblərindən ödəmək məcburiyyətində qalırlar.
Rayon yerində, kəndlərdə gündəlik 12 AZN fəhləlik puluna ailə dolandıran valideynlərin olduğunu nəzərə alsaq, bu addım sadəcə hüquq pozuntusu deyil, həm də böyük bir vicdansızlıqdır! Bəs Elm və Təhsil Nazirliyi, şəxsən nazir Emin Əmrullayev və Qarabağ Regional Təhsil İdarəsi bu rüsvayçılıqdan xəbərdardırmı?
Bu biletlərin satışından əldə olunan on minlərlə manat vəsait hansı hesaba köçürülür və kimlərin cibinə axır?
Pullar Hara Uçur?
Problem təkcə səyyar sirk biletləri ilə bitmir. Bu gün ölkə miqyasında əksər məktəblər müxtəlif özəl kurslarla, hazırlıq mərkəzləri ilə imtahan keçirilməsi üçün "qarşılıqlı müqavilələr" imzalayırlar. Məktəblərin akt zalları, idman zalları, hətta bufetləri müxtəlif özəl şirkətlərə, dərnəklərə və idman klublarına arenaya verilir.
Bəs ortada olan qanuni və maliyyə suallarına kim cavab verəcək?
Pul hara gedir? Məktəbin dövlət əmlakı olan infrastrukturundan qazanılan bu qədər vəsait hara yönəldilir?
Məktəbin problemləri niyə həll olunmur?
Əgər bu qədər gəlir varsa, nə üçün məktəblərin elementar təsərrüfat, təmir və ya ləvazimat problemləri yenə də valideynlərin boynuna yıxılır? Bu pullar niyə məktəbin inkişafına sərf edilmir?
Rəsmi sənədlərdə nə yazılır? Bu icarə və əməkdaşlıq müqavilələri hansı hüquqi əsaslarla bağlanır? Əldə olunan gəlirin vergi tutarı nə qədərdir və dövlət büdcəsinə bəyan edilirmi?
Təhlükəsizlik haradadır? Yüzlərlə şagirdin dərsdən yayındırılaraq, məsuliyyətsiz şəkildə yollara salınması, qəza riski ilə üz-üzə qoyulması hansı pedaqoji prinsiplərə sığır? Yolda uşaqların başına bir hadisə gəlsə, bunun hesabını kim verəcək?



























