“Normal təhsil sistemi olmayan ölkədə nəyinsə normal olması çətindir…” -EKSPERT
“Əgər təhsil sistemi əzbərçilik, qorxu, formalizm, itaət, təşəbbüssüzlük üzərində qurulubsa, o zaman iqtisadiyyat, idarəetmə, elm də formal olur…”
“Azərbaycanda isə 2026 -cı ildə 30 startap yaranıb, yəni, hər 1000 nəfərə düşən startap sayı 0, 003 olur. Deməli, Azərbaycanda 1000 nəfərə düşən bu göstərici dünya göstəricisindən nə az, nə də çox, 2000 dəfə azdır…”
“Belə mühitdə real islahat yerinə görüntü yaranır, keyfiyyət yerinə hesabat gəlir, innovasiya yerinə formal tədbirlər keçirilir…”
“Təhsil sistemi müstəqil düşüncə formalaşdırmırsa, cəmiyyətdə passivlik, populizm, manipulyasiya artır…”
“Normal təhsil sistemi qura bilməyən ölkədə normal elm, innovasiya, insan kapitalı, texnoloji inkişaf, idarəetmə qurmaq mümkün deyil. Çünki…”
“Tarixən inkişaf etmiş ölkələrdə əvvəlcə təhsil transformasiyası edilib. Məsələn, Yaponiya, Cənubi Koreya, Sinqapur, Finlyandiya sürətli inkişafa təhsillə başlayıb…”
“Çünki təhsil bütün digər sistemlərin “istehsal fabriki”dir...” Təhsil bütün sistemlərin “ana infrastrukturu”dur. Hər bir ölkədə iqtisadçını, mühəndisi, müəllimi, həkimi, hakimi, naziri, jurnalisti, alimi, məmuru təhsil sistemi hazırlayır. Əgər təhsil sistemi zəif düşünən, təşəbbüsü, yaradıcılığı olmayan, məsuliyyətsiz, formal yanaşan insan yetişdirirsə, o zaman həmin problemlər bütün sahələrə yayılır. Çünki cəmiyyətin keyfiyyəti insan kapitalının keyfiyyətindən yüksək ola bilməz…
Təhsil yalnız bilik ötürmür, düşüncə modeli yaradır. Əsas məsələ budur ki, təhsil sistemi insanın dünyagörüşünü, məntiqini, qərarvermə modelini, problem həll etmə üsulunu formalaşdırır. Əgər təhsil sistemi əzbərçilik, qorxu, formalizm, itaət, təşəbbüssüzlük üzərində qurulubsa, o zaman iqtisadiyyat, idarəetmə, elm də formal olur…
Təhsil zəifdirsə, idarəetmə də zəifləyir. Çünki, dövlət aparatını da həmin sistem yetişdirir. Normal təhsil sistemi olmayan ölkədə strateji düşüncə zəifləyir, peşəkar idarəetmə formalaşmır, uzunmüddətli planlama olmur, imitasiya üstünlük qazanır. Belə mühitdə real islahat yerinə görüntü yaranır, keyfiyyət yerinə hesabat gəlir, innovasiya yerinə formal tədbirlər keçirilir…
Təhsil zəifdirsə, iqtisadiyyat da zəif innovativ olur. Müasir iqtisadiyyat bilik iqtisadiyyatı modeli üzərində qurulur. Bu iqtisadiyyatının əsas resursu düşünən insan, mühəndis, alim, innovator, texnoloji sahibkar olur. Əgər təhsil sistemi tənqidi düşüncə, yaradıcılıq, problem həlli, texnologiya mədəniyyəti
yaratmırsa, ölkə texnologiya istehsal edə bilmir, startap yarada bilmir, Sİ inkişaf etdirə bilmir. Nəticədə ölkə istehlakçıya çevrilir…
Təhsil zəifdirsə, elm də zəifləyir. Elm azad düşüncə, intellektual cəsarət, metodoloji mədəniyyət tələb edir. Təhsil naziri E.Əmrullayev deyir ki, təhsil olmasa innovasiya olmaz. Haqlıdır. Amma təhsilin olması üçün də heç nə edə bilmədi. On ildir ki, bu sistemdə yüksək postdadır, hər halda nə isə öyrənmək olardı... Əzbərçilik üzərində qurulmuş təhsil sistemi isə alim yox, formal akademiklər yetişdirir. Belə mühitdə məqalə sayı çox olur, amma real elmi təsir zəif qalır. Belə təhsil sistemi təbii ki, elm və innovasiya yarada bilmz...
Təhsil zəifdirsə, hüquq və vətəndaş mədəniyyəti də zəifləyir. Normal vətəndaş cəmiyyəti düşünən, sual verən, məsuliyyət hiss edən insanlarla yaranır. Təhsil sistemi müstəqil düşüncə formalaşdırmırsa, cəmiyyətdə passivlik, populizm, manipulyasiya artır...
Tarix nə göstərir?..
Tarixən inkişaf etmiş ölkələrdə əvvəlcə təhsil transformasiyası edilib. Məsələn, Yaponiya, Cənubi Koreya, Sinqapur, Finlyandiya sürətli inkişafa təhsillə başlayıb. Bu ölkələrdə təhsil islahatları mərhələsində ilk növbədə insan kapitalına, universitetlərə, müəllim hazırlığına, elmə yatırım ediblər. Bilirdilər ki, güclü dövlətin əsası güclü təhsil sistemidir. Bu həqiqəti biz də bilirik. Ona görə də ölkə rəhbərliyi 23 il əvvəl təhsil sistemi qarşısında mühüm vəzifə qoymuşdu: neft kapitalını insan kapitalına çevirmək. Təəssüf ki, təhsil məmurlarının peşəkarlığı və əzmi zəif oldu. Bu səbəblərdən ölkədə insan kapitalının səviyyəsi, 23 il əvvəlkindən də zəifdir, baxmayaraq ki, xaricdə və ölkə daxilində təhsilə milyardlar xərclənib...
Amma məsələ yalnız pul deyil. Bu çox vacib məqamdır. Bəzən düşünülür ki, böyük bina, yaxşı təmir, texnika, kompüter təhsil deməkdir. Əsl problem isə düşüncə modelindədir. Əgər təhsil sistemi təşəbbüsü boğursa, azad düşüncəni sevmirsə, tənqiddən qorxursa, formalizmi təşviq edirsə, davamlı olaraq təhsildə səhv kadr siyasəti yürüdülürsə, ən müasir bina da problemi həll etmir...
XXI əsrdə problem daha təhlükəlidir. Sənaye dövründə zəif təhsil sistemi olan ölkə ucuz işçi qüvvəsi, xammal, fiziki əmək ilə yaşaya bilirdi. Amma süni intellekt dövründə əsas üstünlük düşüncə, innovasiya, texnologiya, insan kapitalıdır. Bu səbəbdən zəif təhsil sistemli ölkələr daha sürətlə geriləyirlər...
Bu halda normal nə isə mümkündürmü?..
Bəli, müəyyən sahələrdə cüzi uğurlar ola bilər, məsələn orta səviyyəli yollar, bəzəkli binalar, bəzi xidmətlər, müəyyən peşəkar insanlar v.s. Amma sistemli inkişaf, davamlı innovasiya, güclü iqtisadiyyat, yüksək texnologiya, səmərəli dövlət idarəetməsi üçün güclü təhsil sistemi zəruridir. Çünki təhsil bütün digər sistemlərin “istehsal fabrikidir”.
Əsas problem nədir?
Əsas problem budur ki, bəzi ölkələr təhsili strateji məsələ kimi yox, ikinci dərəcəli sosial sahə kimi görürlər. Halbuki XXI əsrdə təhsil artıq milli təhlükəsizlik məsələsidir. Normal təhsil sistemi qura bilməyən ölkədə normal elm, innovasiya, insan kapitalı, texnoloji inkişaf, idarəetmə qurmaq mümkün deyil. Çünki, təhsil ayrıca sektor deyil, bütün sistemlərin əsasını formalaşdıran mürəkkəb və dinamik sistemdir…
Beynəlxalq hesabatlarda qeyd edilir ki, 2025-cı ildə dünyada 50 milyon startap yaranıb, deməli, əhalinin hər 1000 nəfərinə ortalama 6 startap düşür, Azərbaycanda isə 2026 -cı ildə 30 startap yaranıb, yəni, hər 1000 nəfərə düşən startap sayı 0, 003 olur. Deməli, Azərbaycanda 1000 nəfərə düşən bu göstərici dünya göstəricisindən nə az, nə də çox, 2000 dəfə azdır. Bu bizim insan kapitalının, postneft erasına hazırlığın səviyyəsini göstərir. Bu bizim elm, təhsil, innovasiyanın, yəni ETN-nin 25 illik fəaliyyətinin real göstəricisidir…
XXI əsrdə ölkələrin real sərvəti neft, qaz, torpaq deyil, düşünən insan olacaq. Bu səbəbdən təhsil problemi əslində gələcək problemi, dövlət problemi və sivilizasiya problemidir…”



























