Özəl məktəblərdə sertifikasiya - “Həmin müəllimlər imtahandan keçməlidir”
Azərbaycanda özəl təhsil müəssisələrinin sayının artması müəllimlərin fəaliyyətinə vahid yanaşmanın tətbiqini zəruri edir. Milli Məclisin deputatı Bəxtiyar Əliyev bu məsələni parlamentin Elm və təhsil komitəsinin iclasında gündəmə gətirib.
O bildirib ki, dövlət məktəblərində sertifikasiyadan keçməyən müəllimlərin özəl təhsil müəssisələrində işləməsi sual doğurur. Buna görə də özəl məktəblərdə çalışan müəllimlərin də sertifikasiyaya cəlb olunması vacib hesab edilib.
Maraqlıdır, özəl məktəblərdə çalışan müəllimlərin də sertifikasiyaya cəlb olunması həqiqətən vacibdirmi?
Mövzu ilə bağlı AzEdu.az-a fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov açıqlama verib.Özəl məktəb ödənişli ola bilər, amma şagird dövlətin vətəndaşıdır. Onu hazırlayan müəllim də dövlətin vahid standartına cavab verməyə borcludur:
"Bu təklif Azərbaycan təhsil sistemində dövlət və özəl sektor arasında standartların unifikasiyası istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Mən təsadüfi olaraq dövlət və özəl sektor arasında vahid standartların mövcudluğunu qeyd etmədim. Düşünürəm ki, bu yanaşma bütövlükdə özəl sektorun da dövlətin gözləntiləri çərçivəsində inkişafına gətirib çıxara bilər. Eyni zamanda, standartların eyniləşdirilməsi rəqabəti də daha da gücləndirə və sürətləndirə bilər.
Özəl məktəblərdə sertifikasiyanın tətbiqi isə müxtəlif təsirlərlə yadda qala bilər. Dövlət tərəfindən həyata keçirilən sertifikasiya özəl sektorun daxili qiymətləndirmə mexanizmlərindən asılı olmayaraq müəllimlərin minimum peşəkar standartlara cavab verməsini təmin edən xarici monitorinq mexanizmi rolunu oynaya bilər. Yəni dövlət müəllimlər üçün müəyyən minimum standart müəyyən edir. Özəl məktəbdə çalışan müəllim bu standartdan daha yüksək peşəkarlığa malik ola bilər, lakin ən azı həmin minimum səviyyə artıq müəyyən edilmiş olur. Bu, olduqca doğru yanaşmadır.
Şagirdlərin dövlət imtahanlarında, məsələn buraxılış imtahanlarında iştirak etdiyini nəzərə alsaq, onları hazırlayan müəllimlərin də vahid metodoloji bazaya malik olması dövlət tərəfindən tələb oluna bilər. Yəni dövlət deyə bilər ki, bu mənim müəyyən etdiyim standartdır və sən müəyyən ödəniş müqabilində şagirdi bu imtahana hazırlayırsansa, həmin minimum dövlət standartlarına uyğun işləməlisən. Axı bu uşaq mənim ölkəmin vətəndaşıdır və sən də zəhmət çəkərək dövlətin müəyyən etdiyi minimum tələblər çərçivəsində fəaliyyət göstərməlisən. Bununla yanaşı, müəllimlərə münasibət və yanaşma da bu çərçivədə formalaşmalıdır.Eyni zamanda sertifikasiya, baxmayaraq ki, həmin müəllimlər özəl təhsil müəssisələrində çalışırlar, onların daim öz üzərlərində işləməsinə və müasir təlim metodlarını mənimsəməsinə də sövq edəcək".
Vahid sertifikasiya tətbiq olunmazsa, IB və ya Cambridge kimi beynəlxalq akkreditasiyalar ən effektiv alternativdir. Bu proqramlar müəllimlər üçün elə bir ciddi təlim və qiymətləndirmə tələbi qoyur ki, bu da öz-özlüyündə yüksək peşəkarlıq sertifikatı deməkdir:
"Bununla yanaşı, burada alternativ yanaşmaların da mövcud olduğunu qeyd etmək lazımdır. Məsələn, əgər vahid dövlət sertifikasiyası tətbiq olunmasa, özəl məktəblər öz peşəkarlıq səviyyəsini hansı alətlərlə qoruya və inkişaf etdirə bilər? Bu istiqamətdə müxtəlif mexanizmlər mümkündür.
İlk növbədə beynəlxalq akkreditasiya mühüm və effektiv alternativ vasitə kimi çıxış edə bilər. Bu, müəyyən mənada vahid sertifikasiya modelini də əvəz edə biləcək bir alət kimi dəyərləndirilə bilər. Beynəlxalq akkreditasiya dedikdə, məsələn, International Baccalaureate (IB) və ya Cambridge kimi beynəlxalq təhsil proqramlarına məktəbin qoşulması nəzərdə tutulur. Bu cür proqramlara üzv olmaq müəllimlər üçün kifayət qədər ciddi beynəlxalq təlim, hazırlıq və qiymətləndirmə tələbləri yaradır.
Başqa sözlə, həmin proqramların standartları müəllimlərdən yüksək peşəkarlıq səviyyəsi tələb edir və məktəbin üzərinə də müəyyən öhdəliklər qoyur. Beləliklə, IB və Cambridge kimi beynəlxalq proqramlarda yer almaq özü-özlüyündə müəllimlərin peşəkar inkişafını və tədrisin keyfiyyətini təmin edən mühüm mexanizmə çevrilir. Eyni zamanda müəllimin fəaliyyətinin şagird nailiyyətləri, valideyn məmnuniyyəti və açıq dərslər əsasında mütəmadi qiymətləndirilməsi də mühüm mexanizm hesab oluna bilər. Bu, mahiyyət etibarilə daxili qiymətləndirmə modelidir.
Bundan əlavə, özəl məktəblərdə müstəqil audit mexanizmlərinin tətbiqi də vacib alətlərdən biri kimi çıxış edə bilər. Yəni ixtisaslaşmış təhsil sahəsində fəaliyyət göstərən müstəqil audit qurumları tərəfindən dövri yoxlamaların aparılması məktəblərin fəaliyyətinin daha obyektiv qiymətləndirilməsinə imkan yaradar. Belə auditlərin cəlb olunması həm idarəetmənin keyfiyyətinə, həm də müəllimlərin peşəkar inkişafına əlavə töhfə verə bilər. Bu istiqamətdə aparılan yoxlamalar ayrıca bir indikator kimi təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsində istifadə oluna bilər".
Əgər 35 faizlik əlavə ödəniş məktəb üçün "peşəkar kadr" deyil, "maliyyə yükü" hesab olunarsa, bu, yüksək bal toplayan müəllimin işsiz qalması riski deməkdir.
"Eyni zamanda, Bəxtiyar müəllimin qeyd etdiyi kimi, bu təklifin müəyyən əlavə təsirləri də yarana bilər. Məsələn, sertifikasiya nəticələrinə görə müəllimlərə 10–35 faiz həcmində əlavə ödənişlərin verilməsi modeli özəl məktəblərin maliyyə siyasətinə təsir göstərə bilər. Belə ki, bu əlavə ödənişlərin təmin edilməsi üçün bəzi hallarda məktəblər valideynlərdən alınan təhsil haqlarını artırmaq məcburiyyətində qala bilərlər.
Xüsusilə də daha kiçik özəl məktəblər üçün bu məsələ müəyyən risklər yarada bilər. Çünki maliyyə imkanları məhdud olan məktəblər müəllimlərə əlavə ödənişləri təmin etmək üçün təhsil haqqını artırmalı ola bilərlər ki, bu da nəticə etibarilə valideynlərin üzərinə düşən maliyyə yükünü artıra bilər.
Burada eyni zamanda orta və kiçik büdcəli məktəblər üçün müəyyən risklər də yarana bilər. Çünki 10% və ya 35% kimi əlavə ödənişlər məktəbin ümumi büdcəsi üçün kifayət qədər ciddi maliyyə yükü formalaşdıra bilər. Bu baxımdan məsələyə risklərin dəyərləndirilməsi prizmasından da yanaşmaq lazımdır.
Digər tərəfdən, belə bir vəziyyətdə bəzi məktəblər maliyyə yükündən qaçmaq üçün sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlərə üstünlük vermək əvəzinə, daha aşağı bal toplamış müəllimləri işə götürməyə meylli ola bilərlər. Məsələn, sertifikasiyada yüksək bal toplayaraq 35% əlavə ödəniş hüququ qazanmış müəllim əvəzinə daha aşağı bal toplamış və əlavə maliyyə öhdəliyi yaratmayan müəllimin seçilməsi kimi hallar yarana bilər.
Ümumilikdə isə qeyd etmək lazımdır ki, bu yanaşma və irəli sürülən təklif kifayət qədər proqressivdir və müzakirəyə açıqdır. Bu gün üçün həmin təklifin tam şəkildə tətbiqi gündəmdə olmasa da, gələcəkdə onun daha geniş ictimai müzakirəsinin aparılması faydalı ola bilər. Çünki belə müzakirələr vasitəsilə həm bu təşəbbüsün üstünlükləri, həm də mümkün riskləri daha ətraflı şəkildə dəyərləndirilə bilər".Təəssüf ki, bəzən müvafiq diplomu olmayan şəxslər belə özəl məktəbəqədər müəssisə açır və orada çalışır. Minimum standartların tətbiqi xüsusilə bu sahədə vəziyyəti qənaətbəxş səviyyəyə qaldırmaq üçün mütləqdir:
"Bununla yanaşı, minimum standartların mövcudluğu mütləqdir. Bu standartlar mütləq tətbiq olunmalıdır. Onların maliyyə mexanizmi, yəni əlavə ödənişlərin 10% və ya 35% həcmində olub-olmaması isə ikinci dərəcəli məsələ kimi müzakirə oluna bilər. Əsas məsələ odur ki, təhsil sahəsində minimum keyfiyyət standartları təmin edilsin.
Bu tələblər xüsusilə özəl məktəbəqədər təhsil müəssisələrinə də şamil olunmalıdır. Təəssüf ki, bəzi hallarda bu sahədə vəziyyət qənaətbəxş deyil. Bəzən istənilən şəxs özəl məktəbəqədər müəssisə açır və orada çalışan şəxslərin bir qismi həmin sahə üzrə müvafiq ixtisasa və ya diplomlara malik olmur.
Ümumilikdə təhsil xidməti göstərən özəl sektorun fəaliyyətinin müəyyən standartlar çərçivəsində tənzimlənməsi bürokratik maneə kimi deyil, əksinə, keyfiyyətin təmin olunmasına xidmət edən bir yenilik kimi qəbul edilməlidir. Biz bu cür tənzimləyici və inkişaf yönümlü yanaşmalara açıq olmalıyıq".



























