Sinif otağında görünməyən qaydalar: müəllimin hüququ və borcu nədir?
Təhsilverənlərin (müəllimlərin) hüquq və vəzifələri qanunvericiliklə müəyyən edilir və onların pedaqoji fəaliyyətini tənzimləyir.
Bu qaydalar təhsil prosesinin keyfiyyətli və nizamlı şəkildə təşkilinə xidmət edir.
Müəllimlər həm tədris prosesində müəyyən hüquqlara malikdir, həm də bir sıra vəzifələri yerinə yetirirlər. Bu hüquq və vəzifələr təhsil mühitində qarşılıqlı məsuliyyəti təmin edir.
AzEdu.az-ın “Təhsil haqqında” Qanuna istinadən verdiyi xəbərə görə, təhsilverənlərin hüquq və vəzifələri onların pedaqoji fəaliyyətini tənzimləyir və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Təhsilverənlərin əsas hüquqları hansılardır?
- Normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
- Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodik vəsaitlərlə təmin olunmaq;
- Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
- Təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;
- İxtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;
- Müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;
- Təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və elmi-pedaqoji fəaliyyətdə mühüm xidmətləri olan professorların məsləhətçi-professor vəzifəsini tutmaq hüququ;
- Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Təhsilverənlərin hansı vəzifələri var?
- Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
- Təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək və keyfiyyətli təhsil vermək;
- Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək;
- Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına, dövlət rəmzlərinə, xalqın tarixinə, mədəniyyətinə və milli dəyərlərinə hörmət hissi aşılamaq;
- Etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq;
- Daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələri yerinə yetirmək;
- Təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
- Uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onların təhlükəsizliyi və sağlamlığında iştirak etmək;
- İxtisas və elmi-pedaqoji səviyyəsini artırmaq, innovativ təlim metodlarını öyrənmək və tətbiq etmək;
- Valideynlərlə, məktəb rəhbərliyi və həmkarlarla əməkdaşlıq etmək;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan və ya sertifikatlaşdırmadan keçmək;
- Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Təhsilverənlər həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada sosial təminatlardan istifadə edir və pedaqoji fəaliyyətə müdaxilənin qarşısının alınmasını tələb etmək hüququna malikdirlər.



























