Riyaziyyatda zəif olanlar bunları BİLMƏLİDİR
"Şagirdlərin buraxılış ilə qəbul imtahanlarını eyniləşdirməsi ən böyük səhvlərdən biridir".
AzEdu.az-a bu sözləri "İlin gənc müəllimi", riyaziyyat müəllimi, Natəvan Fərzəliyeva söyləyib.
O, bildirlib ki, şagirdlərimizin buraxılış imtahanı ilə blok imtahanını eyniləşdirməsi ən böyük psixoloji və metodoloji xətalardan biridir:
"İlk növbədə gəlin obyektiv bir məqama aydınlıq gətirək: İmtahan sualları həqiqətənmi qəliz idi? Dünənki imtahanın suallarını diqqətlə təhlil etdim. Tam səmimiyyətlə deyə bilərəm ki, suallar orta məktəb proqramından qətiyyən kənara çıxmır. Burada "həddindən artıq qəliz" ifadəsindən çox, "çoxmərhələli və məntiqi təfəkkür tələb edən" ifadəsini işlətmək daha doğru olar. Bəli, bu imtahan asan deyildi, ancaq I ixtisas qrupunun - yəni gələcəyin mühəndislərini, proqramçılarını və memarlarını yetişdirəcək texniki qrupun imtahanının çox asan olmasını gözləmək özü bir qədər qeyri-realdır.
Şagirdlərimizin buraxılış imtahanı ilə blok imtahanını eyniləşdirməsi ən böyük psixoloji və metodoloji xətalardan biridir. Buraxılış imtahanı baza savadlılığını yoxlayır. Blok imtahanı isə bir rəqabət mühitidir. Burada sadəcə formulu əzbərləyən deyil, öyrəndiyi formulu yeni və fərqli situasiyalarda tətbiq etməyi bacaranlar önə çıxmalıdır.
Bəs abituriyentlər niyə hər dəfə riyaziyyatdan şikayətçi olurlar? Bunun bir neçə fundamental səbəbi var:
Şablonlara söykənən hazırlıq prosesi: Təəssüf ki, bəzən şagirdlər riyaziyyatı mahiyyəti ilə deyil, "bu tip sual düşsə, bu formulu yazaram" prinsipi ilə əzbərləyirlər. İmtahanda, məsələn, təqdim olunan çoxluq və ya ehtimal məsələsi standart şablondan bir az fərqli qoyulduqda, analitik düşünmə bacarığı formalaşmayan abituriyent dərhal "sual çətindir" qənaətinə gəlir.
Mövzuların inteqrasiyasında çətinlik: Dünənki testlərdə çox gözəl suallar var idi ki, bir sualın daxilində eyni anda həm triqonometriya, həm cəbr, həm də məntiqi mühakimə tələb olunurdu. Şagirdlərimiz mövzuları ayrı-ayrılıqda yaxşı bilsələr də, onları bir sualda sintez etməkdə çətinlik çəkirlər. Bir STEAM müəllimi kimi hər zaman şagirdlərimə aşıladığım əsas fəlsəfə budur: Riyaziyyat bir-birindən qopuq düsturlar yığını deyil, böyük və əlaqəli bir sistemdir.
Zaman idarəetməsi və imtahan psixologiyası: Sualların oxunub başa düşülməsi, riyazi modelin qurulması və həlli vaxt tələb edir. İmtahan stresi altında bir neçə dəqiqə ərzində həllini tapmadıqları sual onlarda bütün imtahanın "qorxunc" olduğu illüziyasını yaradır.
Yekun olaraq onu bildirmək istəyirəm ki, gələcək abituriyentlərimiz riyaziyyatı test toplularında mexaniki vərdişlərlə deyil, dərk edərək öyrənməyə meyl etməlidirlər. Dünənki imtahan əslində riyaziyyatın fundamental olaraq kimlər tərəfindən dərindən anlaşıldığını ölçən olduqca keyfiyyətli bir süzgəc rolunu oynadı. Bütün gənclərimizə gələcək seçimlərində və həyat imtahanlarında uğurlar arzulayıram!".


























