Şagirdlər niyə yerdəyişmə edir?
Şagird yerdəyişməsi bu gün təhsil sistemimizin ən həssas və diqqətdən kənarda qalan problemlərindən biridir.
Gəlin düşünək: "Şagirdlər niyə yer dəyişdirir?"
Yerdəyişmələrin bir qismi obyektiv səbəblərdən (yaşayış yerinin dəyişməsi və s.) baş versə də, xüsusilə ibtidai siniflərdə və yeniyetməlik dövründə qeydə alınan kütləvi yerdəyişmələr ciddi şəkildə araşdırılmalıdır.
Bəzən eyni ərazidə yerləşən iki yanaşı məktəbdən birindən digərinə kütləvi axın olduğunu, yaxud şagirdin paralellər arasında sinif dəyişdiyini görürük. Sual yaranır niyə???
Şəxsi araşdırmalarıma əsasən bunun əsasında dayanan səbəbləri sizlərə bildirirəm:
Valideynlərin məktəb dəyişməyə məcbur olmasının ən böyük səbəblərindən biri bəzi siniflərdə müxtəlif bəhanələrlə dayandırmadan aparılan qeyri-rəsmi yığımlardır. Maddi yükü qarşılaya bilməyən valideyn çarəni övladını başqa sinfə və ya məktəbə keçirməkdə görür. Dayanmadan müxtəlif səbəblərdən yığılan pullar valideynlərdə ikrah hissi yaradır.
Bəzi ibtidai sinif müəllimlərinin şagirdlərə qarşı həddindən artıq sərt davranması, psixoloji təzyiq göstərməsi və hətta uşaqları təhqir etməsi yerdəyişmələrin əsas hərəkətverici qüvvəsidir. Psixologiyası pozulan, məktəbdən soyuyan uşağı qorumaq üçün valideyn radikal addım atır.
Siniflərdə şagirdlər arasında davamlı bulinq (həmyaşıd zorakılığı) hallarının yaşanması və müəllimin, eləcə də məktəb rəhbərliyinin bu nizam-intizamı qoruya bilməməsi valideynləri qorxuya salır. Yeniyetmələr arasında zorakılıq hallarının kəskin artması bu gün valideynləri övladının həm fiziki təhlükəsizliyini, həm də gələcək psixologiyasını qorumaq üçün məktəbi dəyişməyə məcbur edir.
Valideynin "bu müəllimlə övladım heç nə öyrənmir" qənaətinə gəlməsi də rəqəmlərə təsir edir. Akademik nəticələrin zəifliyi və fərdi yanaşmanın olmaması şagird köçünə səbəb olur.
Təhsil islahatlarını sadəcə müəllimlərin sertifikasiyadan keçirilməsi və ya onlardan rəsmi "ustad dərsləri" tələb edilməsi ilə məhdudlaşdırmaq problemin yalnız görünən tərəfini bəzəməkdir. Real vəziyyətlə maraqlanmaq, köklü səbəbləri araşdırmaq lazımdır. Nazirlik, regional idarələr və aidiyyəti qurumlar formal hesabatlardan kənara çıxaraq, yerdəyişmə faizi yüksək olan məktəblərdə və siniflərdə xüsusi monitorinqlər aparmalıdır. Məktəb daxilindəki gizli problemlər, zorakılıq və korrupsiya halları vaxtında aşkar edilməli və lazımi inzibati tədbirlər görülməlidir. Təhsil mühiti şagird üçün qaçıb xilas olmaq istədiyi deyil, təhlükəsiz inkişaf sahəsi olmalıdır.
Sakit Muradov
























