Akademik tanınma şəhadətnaməsi əldə etmək istəyənlərin NƏZƏRİNƏ!
Xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (Qaydalar) uyğun olaraq həyata keçirilir.
Qaydaların 5.9-cu bəndinə əsasən xaricdə natamam ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) müraciət etməlidir.
TKTA-dan bildirilib ki, qismən tanınma prosesi nəticəsində müraciətçiyə təqdim olunan qismən akademik tanınma şəhadətnaməsi onun Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək (transfer olunmaq) üçün müraciət etmək hüququnu təsdiq edən sənəddir.
Xüsusilə diqqətə çatdırırıq ki, TKTA tərəfindən verilən qismən akademik tanınma şəhadətnaməsi köçürülmə (transfer) barədə qərar anlamına gəlmir və onun əldə edilməsi müraciətçinin ali təhsil müəssisəsinə köçürüləcəyinə zəmanət vermir. TKTA yalnız transfer prosesi üçün tələb olunan sənədlərdən biri olan qismən akademik tanınma şəhadətnaməsini təqdim edir. Köçürülmə ilə bağlı müraciətlərin qəbulu, qiymətləndirilməsi və yekun qərarın qəbul edilməsi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) səlahiyyətlərinə aiddir.
Köçürülmə prosesi “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na uyğun olaraq EATDA tərəfindən həyata keçirilir.
Köçürülmə prosesinin yay mövsümündə başlanacağını nəzərə alaraq, müraciət etmək istəyən şəxslərə //apply.enic.edu.az/ platforması vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur. Qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən şəxslərdən 30 iyun saat 18:00-dək TKTA-ya müracət etmələri xahiş olunur. Qeyd edilən vaxtdan sonra daxil olan müraciətlər cari transfer dövrü çərçivəsində nəzərə alınmayacaqdır.
Qismən akdemik tanınma üçün TKTA-ya müraciət edərkən aşağıdakı məqamlara xüsusilə diqqət edilməsi zəruridir:
1.Aktiv tələbə statusunu təsdiq edən arayış
Müraciətçinin hazırda təhsil aldığı ali təhsil müəssisəsində aktiv tələbə olduğunu təsdiq edən arayış (sistemdə “diplom” xanasına yüklənilməlidir) apostil möhürü ilə leqallaşdırılmış olmalıdır
(ətraflı məlumat üçün: //tkta.edu.az/az/services/qualifications-recognition );
2. Akademik transkriptə dair tələblər
Təqdim olunan akademik transkript apostil möhürü ilə leqallaşdırılmış olmalı və aşağıda qeyd olunan məlumatları özündə əks etdirməlidir:
ali təhsil müəssisəsinə qəbul tarixindən etibarən müraciətçinin bütün təhsil dövrü üzrə akademik göstəricilərini əhatə etməlidir;
ali təhsil müəssisəsinə qəbul tarixi aydın şəkildə göstərilməlidir;
əldə edilmiş kreditlərin ümumi sayı və onların AKTTS üzrə həcmi açıq şəkildə qeyd olunmalıdır;
transkript ingilis, rus və türk dillərindən başqa hər hansı bir dildə təqdim edildikdə, sənəd Azərbaycan dilinə tərcümə edilməli və notariat qaydasında təsdiqlənməlidir.
Ətraflı məlumat üçün: //tkta.edu.az/az/services/qualifications-recognition
Qeyd: Təqdim edilən sənədlərin autentikliyinin (həqiqiliyi) daha sürətli şəkildə yoxlanılması məqsədilə sözügedən sənədlərin QR kodlu və ya elektron imzalı (müvafiq keçid/link əlavə olunmaqla olmaqla) formada təqdim edilməsi tövsiyə olunur.


























