Türk dünyasında yeni təhsil modeli yaradılır
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Təhsil nazirliklərinin yüksək vəzifəli məmurlarının 11-ci iclası iyunun 7-də Türküstan şəhərində keçirilib.
Aztəhsil.az xəbər verir ki, iclas TDT-na üzv dövlətlərin Təhsil nazirliklərinin yüksək səviyyəli nümayəndələrini bir araya gətirərək təhsil sahəsində mövcud əməkdaşlığın nəzərdən keçirilməsi, həmçinin TDT Təhsil nazirlərinin 9-cu iclasının gündəliyinin və yekun sənədlərinin layihələrinin hazırlanması məqsədilə təşkil olunub.
İclasda TDT-nin layihə direktoru Harun Nurullah Tanzi sədrlik edib. Müzakirələr “Türk dünyası vizyonu–2040”, “TDT strategiyası 2022–2026” və əvvəlki TDT zirvə görüşləri və nazirlər iclaslarında qəbul edilmiş qərarlar çərçivəsində təhsil sahəsində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. İştirakçılar Türk dünyasında təhsil inteqrasiyasının gücləndirilməsi, akademik mobilliyin artırılması və korporativ əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçirilən layihə və təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
İclasda həmçinin Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) davamlılığının və daha da korporativləşməsinin dəstəklənməsi məqsədilə daimi TÜRKÜNİB katibliyinin yaradılması və bu çərçivədə xüsusi mexanizmin formalaşdırılması ilə bağlı təkliflər müzakirə edilib. Yüksək vəzifəli nümayəndələr üzv dövlətlər arasında ali təhsil sistemlərinin uyğunluğunu, keyfiyyət təminatı mexanizmlərini və akademik kvalifikasiyaların qarşılıqlı tanınmasını təşviq etməyi hədəfləyən Türk Dünyası Ali Təhsil Məkanının yaradılması ilə bağlı təklifi də dəyərləndiriblər. Bu çərçivədə tələbə və müəllim mübadilə proqramları, Qardaş məktəb proqramı, ortaq tədris materialları, eləcə də tədqiqat və innovasiya sahələrində əməkdaşlıq təşəbbüsləri müzakirə olunub.
İştirakçılar TDT təhsil nazirlərinin 9-cu iclasında müzakirə və təsdiq üçün təqdim ediləcək bəyannamə layihəsi və əlaqədar sənədlər üzərində razılığa gəliblər. İclas iştirakçı ölkələrin təhsil sahəsində əməkdaşlığı daha da dərinləşdirmək, daha inteqrasiya olunmuş, rəqabətqabiliyyətli və gələcəyə yönəlmiş Türk təhsil məkanının formalaşdırılmasına töhfə vermək istiqamətində ortaq qətiyyətlərini bir daha təsdiqləyib.


























