Qəbul imtahanının II mərhələsinin II cəhdi üçün qeydiyyat başlayır
Bu gündən I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin II cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başlayır.
Aztəhsil.az xəbər verir ki, qeydiyyat iyunun 8-dək davam edəcək.
Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2026-cı il fevralın 18-dən martın 5-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəssisələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən şəxslər qeydiyyatdan keçiblər.
İmtahan qrafikinə əsasən, I və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci cəhdi iyunun 7-də keçiriləcək. Həmin gün III ixtisas qrupu üzrə həm DT, həm də TC altqruplarını seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan da təşkil olunacaq.
Qəbul imtahanının II mərhələsinin ikinci cəhdi isə II və III ixtisas qrupları üzrə iyulun 5-də, I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçiriləcək. III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan da iyulun 12-nə təyin edilib.



























