Emin Əmrullayevin və ya Əliyev Elnurun davamlı PİSA qiymətləndirməsindən ya da regionalların monitorinqlərdən danışması əslində gülünc haldır. Səbəb isə odur ki, Azərbaycan Bakıdan və ya seçmə bir neçə məktəbdən ibarət deyil. Ən güclü məktəblərdə, ya da ən yaxşı maddi-texniki bazası olan yerdə, ən yaxşı repetitor hazırlığı olan yerdə qiymətləndirmə aparmaq obyektivlik deyil.
Uşaqların monotorinqlərə pullar töküb hazırlaşması və qiymətləndirilməsi obyektivlik deyil.
İnformasiya əsrindəyik deyib davamlı yarımçıq qalmış layihələrə yenisini qatmaq obyektivlik deyil.
Bəzi layihələrdən bölgələrdəki uşaqların heç xəbəri belə yoxkən, təmirsiz, maddi-texniki bazasız yerlərdə oxuyan şagirdlərin lazımsız qiymətləndirmələr hesabına dərsliklərinin daha da çətinləşməsi obyektivlik deyil.
Həqiqətən heç bir layihənin uğur gətirmədiyini, heç bir xüsusi uğuru olmadığını görmürlərmi?
Bir il monitorinqə hazırlaşıb yoxlanışdan yaxşı bal yığan kimi bir az daha təhsili çətinləşdirmək ağıllı bir insanın görəcəyi iş deyil.
Normal hazırlıqsız şəkildə sıravi siniflərə girib yoxlanış edin və real vəziyyətə uyğun hərəkət edin. Sizin xəyallarınıza Azərbaycan şagirdləri çata bilmirlər. İldən ilə düşən keçid balları, artan problemlər gözdən qaçırılmamalıdır.
PİSA bizim mentalitetə uyğunlaşdırılmadan və bütün ölkə səviyyəsində tam şəkildə formalaşdırılıb tətbiq edilmədən hər 3 ildən bir təkmilləşdirilir. Olmayan şeyin nəyini təkmilləşdirirsiniz? Siz heç qəsəbələrin, kəndlərin hallarını görmüsünüz. O qədər madiyyatı ora deyil, daha vacib önəmli sahələrə ayırmaq lazımdır.