Laçın məktəbliləri ADNSU-da ekskursiyada olublar
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Laçın rayonu 18 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri ADNSU-da ekskursiyada olublar.
Aztəhsil.az xəbər verir ki, ilk olaraq şagirdlərlə görüş keçirilib. ADNSU-nun Təhsilalanlarla iş şöbəsinin müdiri Rəna Cəbrayılova şagirdlərə ali təhsil həyatı, həmçinin universitet haqqında ətraflı məlumat verib. O, universitetin tədris prosesi, mövcud ixtisaslar, fakültələr və təhsil proqramları barədə danışıb. Görüş zamanı şagirdlərin ali təhsilin müxtəlif pillələri ilə bağlı sualları cavablandırılıb.
ADNSU-da qonaq olan şagirdlər universitetin kitabxanası, Mineralogiya və Tarix muzeyləri, laboratoriyaları və kompüter otaqları ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Xoş təəssüratlarla universitetdən ayrılan şagirdlər onlara göstərilən diqqətə və ətraflı məlumata görə razılıqlarını bildiriblər.



























