Emin Əmrullayev: Ulu Öndərin irsinin öyrənilməsi olduqca VACİBDİR
“Müxtəlif istiqamətlər üzrə bir çox müsabiqələr keçirilsə də, bu müsabiqə öz mahiyyəti və Azərbaycanın gələcək nəslinin tərbiyəsindəki rolu ilə xüsusi əhəmiyyət daşıyır”.
Aztəhsil.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
Nazir müsabiqə qaliblərini təbrik edərək bildirib ki, Ulu Öndərin adını daşıyan belə bir müsabiqənin qalibi olmaq onların həyat boyu fəxr edəcəkləri mühüm nailiyyətdir:
“Bu nailiyyəti əldə etdiyinizə görə hər birinizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, bu uğur sizin Azərbaycanın gələcək inkişafına töhfə verən vətəndaş kimi formalaşmağınızda mühüm rol oynayacaq”.
Emin Əmrullayevin sözlərinə görə, 20 ildən çoxdur ki, keçirilən müsabiqə Azərbaycan təhsilinin ənənəvi layihələrindən birinə çevrilib. Nazir müsabiqənin təşkilində iştirak edən Yeni Azərbaycan Partiyasına, eləcə də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına təşəkkürünü ifadə edib.
Nazir vurğulayıb ki, müsabiqənin əsas məqsədi Ümummilli Liderin ideyalarını, milli kimlik, milli ideologiya, təhsil, iqtisadiyyat və dövlətçiliklə bağlı fikirlərini gənc nəsil arasında təşviq etməkdir.
Onun sözlərinə görə, təhsil sisteminin qarşısında duran əsas məqsədlərdən biri şagirdlərə bilik və bacarıqlar qazandırmaqdırsa, digər mühüm məqsəd onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda formalaşdırılmasıdır:
“Yeni nəslin milli ideoloji mühitdə inkişafına töhfə vermək baxımından Ulu Öndərin irsinin öyrənilməsi olduqca vacibdir”.
Nazir əlavə edib ki, müsabiqənin görünən tərəfdən daha çox qalibi var. Onun sözlərinə görə, yalnız qalib elan olunan şagirdlər deyil, müsabiqənin müxtəlif mərhələlərində iştirak edən şagird, müəllim və valideynlər də bu prosesdən mühüm təcrübə qazanırlar.



























