ETN niyə susur?
Azərbaycan təhsilində illərdir davam edən, lakin hər dəfə yeni bir qalmaqalla gündəmə gələn "beynəlxalq müsabiqə" xaosu builki "Kenquru" müsabiqəsi ilə pik nöqtəsinə çatdı. Görünən odur ki, məqsəd şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək deyil, təhsil piramidasının müxtəlif pillələrində oturanların büdcəsini doldurmaqdır.
Tehsilmedia.az qeyd edir ki, müsabiqəyə könüllü qatılmaq istəyənlərin azlığı rəhbərliyi və təşkilatçıları "innovativ" üsullara əl atmağa məcbur edib. Məktəb rəhbərliyindən müəllimlərə, müəllimlərdən isə valideynlərə ötürülən təzyiq zənciri artıq dözülməz həddədir. Valideynlərin iddialarına görə, qeydiyyatdan keçmək üçün təhdid və şantaj üsullarından istifadə olunur. Təhsil ocağı deyil, sanki bir satış şəbəkəsi iş başındadır: "Kvota dolmalıdır!"
Ən biabırçı məqam isə imtahanın məzmunu və şəffaflığı ilə bağlıdır. Sualların ağırlığı və qeyri-peşəkarlığı bir kənara, imtahandan öncə bəzi xüsusi kurslarda sualların izahının verilməsi barədə gəzən məlumatlar bu müsabiqənin bütün legitimliyini itirdiyini göstərir. Əgər bir imtahanın cavabları əvvəlcədən bəlli bir qrup üçün əlçatandırsa, bu artıq bilik yarışı deyil, "təhsil terrorudur"
Emin Əmrullayev başda olmaqla, Elm və Təhsil Nazirliyi (ETN) və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) rəhbərliyinin bu xaosdan xəbərsiz olması qeyri-mümkündür. Faktlar ortada, etirazlar sosial şəbəkələrdə, valideyn qruplarında "qazan kimi" qaynayır. Lakin nəticə dəyişmir. Bu susqunluq, "onlar onsuz da qazanır" fikrini daha da möhkəmləndirir.
- Niyə illərdir eyni problemlər təkrarlanır və heç bir inzibati tədbir görülmür?
- Beynəlxalq bir marka olan "Kenquru" Azərbaycanda niyə "mafiya rejimi" üsulları ilə idarə olunan qazanc mənbəyinə çevrilib?
- Valideynlərin haqlı "imtahan yenidən keçirilsin" tələbinə niyə rəsmi reaksiya verilmir?
Təhsil nazirliyinin və aidiyyəti qurumların bu məsələyə "seyrçi" qalması onların prosesdəki marağından xəbər verir. Şagirdlərin psixologiyası ilə oynayan, valideynin cibinə göz dikən və müəllimi "satış meneceri"nə çevirən bu sistem təcili şəkildə ifşa olunmalı və islah edilməlidir. Əks halda, biz gələcək nəsillərə bilik deyil, "rüşvət və tapşırıqla uğur qazanmağın" yollarını öyrətməyə davam edəcəyik.
Bu məsələnin sonuna qədər gedilməli, valideynlərin səsi eşidilməlidir!


























