Təhsilin İnkişafı Fondu 332 nəfərin IELTS xərcini qarşıladı
Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə əməkdaşlığı çərçivəsində icra olunan “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi üzrə 2026-cı ilin I rübünün statistik nəticələri açıqlanıb.
AzEdu.az xəbər verir ki, qeyd edilən dövr ərzində ümumilikdə 332 nəfərin IELTS imtahanı üzrə xərcləri Fond tərəfindən qarşılanıb. İştirakçıların 190 nəfəri kişi, 142 nəfəri isə qadın olub.
Təhsil səviyyələri üzrə bölgüyə əsasən, iştirakçıların böyük əksəriyyətini bakalavriat səviyyəsində təhsil alan tələbələr təşkil edir. Belə ki, layihə çərçivəsində 302 bakalavr, 24 magistratura tələbəsi, 3 doktorant və 3 müəllim iştirak edib.
Məlumat üçün bildirək ki, layihə 2022-ci ildən etibarən sistemli şəkildə həyata keçirilir və ali təhsil müəssisələrində təhsilalanların və akademik heyətin xarici dil üzrə bilik və bacarıqlarının gücləndirilməsini, onların beynəlxalq təhsil və akademik imkanlara çıxışının genişləndirilməsini hədəfləyir.
2026-cı ildən etibarən layihə üzrə tələblər təkmilləşdirilərək, namizədlər üçün IELTS imtahanından minimum 7.0 və daha yüksək nəticə əldə etmək, həmçinin imtahan nəticəsini əldə etdikləri tarixdən etibarən 6 ay müddətində təhsil aldıqları ali təhsil müəssisəsinə müraciət etmək şərti müəyyən olunub.
Layihə çərçivəsində indiyədək 14 ali təhsil müəssisəsi, eləcə də onların nəzdində fəaliyyət göstərən struktur bölmələri və filialları ilə əməkdaşlıq müqaviləsi imzalanıb.



























