"Həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur" - Adil Kərimli
"Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə Mədəniyyət Nazirliyi sistemində ümumilikdə 237 musiqi və incəsənət məktəbi var. Monitorinqlər zamanı qəzalı vəziyyətdə olan məktəblər aşkar edilib. Həmin təhsil ocaqlarında dərs prosesinin davam etdirilməsi qeyri-mümkün idi".
Redaktor.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin bu gün “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, bəzi bölgələrdə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları cəlb olunaraq təhsil prosesi müvəqqəti dayandırılıb və dərslərin alternativ məkanlarda təşkili ilə bağlı qərarlar qəbul edilib.
"Hazırda 25 məktəbin tikintisi davam etdirilir. Bu il həmin məktəblərin müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur", - deyə A.Kərimli qeyd edib.




























