BMU tələbələri müsabiqə-festivalının yekun konsertində
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ali təhsil müəssisələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun
konsertində çıxış ediblər.
Modern.az xəbər verir ki, Heydər Əliyev Sarayında Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri, müəllimlər və
tələbələr iştirak ediblər. BMU tələbələri yekun konsertdə rəqs nömrələri, bədii qiraət və musiqi ifaları ilə çıxış edərək öz yaradıcılıq bacarıqlarını sərgiləyiblər.
Konsert proqramında ali məktəb tələbələrinin ifasında Ulu Öndərə ithaf olunmuş mahnılar səsləndirilib, bədii qiraət, habelə müxtəlif rəqs kompozisiyaları təqdim edilib. Müsabiqə-festivalın ilk mərhələsində 26 ali təhsil müəssisəsində keçirilən seçim turlarında 2 minə yaxın tələbə arasından 576 nəfər növbəti
mərhələyə vəsiqə qazanıb. İkinci mərhələdə peşəkar münsiflər heyətinin qiymətləndirməsi əsasında finala vəsiqə qazanan iştirakçılar yekun konsertdə çıxış etmək imkanı əldə ediblər.
Final iştirakçılarının çıxışları Xalq artistləri Gülyanaq Məmmədova, Samir Cəfərov, Təranə Muradova, Əməkdar incəsənət xadimləri Baba Vəziroğlu və Hafiz Quliyev, Əməkdar artist Rəşad Həşimov və ustad tarzən Arslan
Növrəslinin də yer aldığı nüfuzlu münsiflər heyəti tərəfindən dəyərləndirilib. Festival gənclər arasında bədii yaradıcılığa marağı artırmaq, onların yaradıcı potensialını inkişaf etdirmək, asudə vaxtlarının səmərəli təşkilinə
dəstək vermək, milli-mənəvi dəyərlərə bağlılığı möhkəmləndirmək və istedadlı gəncləri üzə çıxarmaq məqsədi daşıyır.
Müsabiqə-festivalın qalibləri yekun konsertin nəticələrinə əsasən müəyyən edilərək Fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.


























