Beynəlxalq süni intellekt olimpiasında AZƏRBAYCANI təmsil edəcək şagirdlər
AI Azərbaycan – Azərbaycan Süni İntellekt Olimpiadasının final mərhələsi keçirilib. Azərbaycan Fransız Universitetində təşkil olunan final mərhələsində 144 şagird IOAI 2026-da ölkəmizi təmsil etmək uğrunda mübarizə aparıb.
Aztəhsil.az xəbər verir ki, final mərhələsində iştirakçılar 6 saat ərzində 3 fərqli tapşırıq üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. TASK A mərhələsində şagirdlərin süni intellekt üzrə nəzəri bilikləri qiymətləndirilib. Bu hissədə iştirakçılara 25 sualdan ibarət nəzəri tapşırıqlar təqdim olunub. TASK B mərhələsində iştirakçıların texniki və praktiki bacarıqları yoxlanılıb. Şagirdlər data ilə işləmə, ilkin emal, kəşfedici analiz, model qurma və nəticələrin qiymətləndirilməsi üzrə tapşırıqları yerinə yetiriblər. TASK C mərhələsi isə Kaggle əsaslı tətbiqi tapşırıq formatında keçirilib. Bu mərhələdə iştirakçılar data təmizləmə, xüsusiyyət mühəndisliyi, model seçimi və model performansının yaxşılaşdırılması istiqamətində praktik problem üzərində çalışıblar.
Nəticələrə əsasən, Azərbaycanı beynəlxalq final mərhələsində təmsil edəcək milli komandanın üzvləri aşağıdakılardır:
* Xırdalan şəhər B.Y. Cəfərov adına 3 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Kənan Kərimzadə — 93,85 bal
* S.C. Pişəvəri adına Humanitar Fənlər Təmayüllü Gimnaziyanın 11-ci sinif şagirdi Şəhla Əhmədzadə — 93,7 bal
* 85 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Tunar Əhmədzadə — 93,35 bal
* 328 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mirmehdi Əzizli — 93,23 bal
Qeyd edək ki, milli komandanın üzvləri Qazaxıstanın Astana şəhərində keçiriləcək Beynəlxalq Süni İntellekt Olimpiadasının final mərhələsində iştirak edəcəklər. 130-dan çox ölkənin qatılacağı final mərhələsinin şagirdlər üçün süni intellekt sahəsində bilik və bacarıqlarını beynəlxalq müstəvidə nümayiş etdirmək baxımından əhəmiyyətli platforma olacağı bildirilir.


























