Müəllim sertifikasiyası: bəzi ölkələrdə yoxdur, bəzilərində könüllüdür - MÜQAYİSƏ
Son illərdə bir çox ölkələrdə təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində müəllimlərin sertifikasiyası əsas vasitələrdən birinə çevrilib. Lakin bu prosesin təşkili, qiymətləndirmə meyarları və hədəfləri ölkələr arasında fərqli yanaşmalarla tətbiq olunur.
Bir sıra ölkələrdə sertifikasiya yalnız nəzəri biliklərin yoxlanılması ilə məhdudlaşmır, müəllimin sinifdaxili fəaliyyəti, pedaqoji bacarıqları və peşəkar inkişafı da qiymətləndirilən kompleks sistem kimi qurulur. Digər ölkələrdə isə bu proses daha çox imtahan əsaslı və formal qiymətləndirmə xarakteri daşıyır.
Bu fərqli modellər fonunda sual yaranır: dünya təcrübəsində hansı sertifikasiya yanaşmaları daha effektiv hesab olunur və bu təcrübələrin hansı elementləri Azərbaycanda tətbiq oluna bilər?
AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Qoşqar Məhərrəmov danışıb.
Ekspert, dünya təcrübəsində sertifikatlaşdırma prosesinin necə həyata keçirildiyinə dair örnəklər verib:
Rəqəmsallaşmada məktəblər hələ gecikir - “Müəllimlərin İKT bacarıqları kritikdir”
“Sertifikatlaşdırma ilə bağlı dünyada fərqli modellər mövcuddur. Hazırda sertifikatlaşdırmanın əsas məqsədinə baxsaq, burada məqsəd daha yaxşı və daha keyfiyyətli müəllimləri təhsil sisteminə cəlb etməkdir. Buna görə də bəzi ölkələr bu məqsədə sertifikatlaşdırma tətbiq etmədən nail olurlar.
Finlandiyada magistratura dərəcəsi olan şəxslər müəllim kimi fəaliyyət göstərə bilirlər. Yəni seçim prosesi özü kifayət qədər keyfiyyətli qurulduğu üçün nəticədə müəllimlər də yüksək keyfiyyətli olur. Artıq onları əlavə imtahanlara cəlb edib, aralarından zəif olanları ayırmaq kimi bir yanaşma yoxdur. Çünki müəllimlik sisteminə qəbul mərhələsində çox güclü bir filtr, yəni ciddi seçim mexanizmi tətbiq olunur. Həmin süzgəc də ən yaxşı müəllimlərin seçilməsini təmin edir.
Məsələn, Sinqapurda yanaşma bir qədər fərqlidir. Orada lider olmaq, mütəxəssis kimi inkişaf etmək və ya müəllim olmaq istəyən şəxslər uzunmüddətli tədris və təlim prosesindən keçirlər. Buna görə də həmin ölkədə hazırda fəaliyyət göstərən müəllimlərin ayrıca sertifikatlaşdırılması anlayışı yoxdur.
Amerika Birləşmiş Ştatlarında isə sertifikatlaşdırma könüllü xarakter daşıyır. Yəni istəyən müəllimlər sertifikatlaşdırma imtahanında iştirak edir və uğur qazandıqda onların maaşı artır, peşəkar nüfuzu yüksəlir, həmçinin vəzifədə irəliləmələri daha asan olur. Onlar hər yerdə “sertifikatlaşdırılmış müəllim” kimi təqdim olunurlar.
Bununla belə, sertifikatlaşdırmadan keçməyən müəllimlər də əmək fəaliyyətlərini davam etdirə bilirlər. Sadəcə, sertifikatlaşdırılmış müəllimlərlə digərləri arasında illik maaş fərqi təxminən 3-5 min dollar civarında olur və bu fərq çox böyük hesab edilmir.
Cənubi Koreyada isə müəllimliyə qəbul yenə də olduqca rəqabətlidir və bizim müəllimlərin işə qəbulu imtahanına bənzər şəkildə imtahan vasitəsilə həyata keçirilir. Buna görə də orada da fəaliyyət göstərən müəllimlərin ayrıca sertifikatlaşdırılması anlayışı mövcud deyil”.
Müəllimlərin hər hansı kursa ödəniş edib hazırlaşmaq məcburiyyətində qalması ciddi bir problemdir:
“Azərbaycanda sertifikatlaşdırma imtahanının tətbiq edilməsinin əsas səbəblərindən biri müəllim sayının ehtiyacdan artıq olmasıdır. Azərbaycan Elm və Təhsil Nazirliyi diaqnostik qiymətləndirmələrdən başlayaraq müşahidə edir ki, sistem daxilində öz peşəsini yetərincə bilməyən, həmçinin düzgün yollarla məzun olmamış çoxlu müəllimlər mövcuddur. Buna görə də həmin müəllimləri müəyyənləşdirib sistemdən kənarlaşdırmaq məqsədilə belə bir mexanizm tətbiq olunub. Hazırkı vəziyyət ümumilikdə bundan ibarətdir.
Bu modellərdən hansı Azərbaycana tətbiq oluna bilər? Hazırda mövcud olan model əslində pis model deyil. Sadəcə, sualların tipi əzbərçiliyə əsaslanmamalıdır, oxşar və çaşdırıcı cavab variantları üzərində qurulmamalıdır. Eyni zamanda müəllimləri repetitorlara və ya kurslara möhtac vəziyyətə salmamalıdır.
Elm və Təhsil Nazirliyi müəllimlər üçün baza video resursları və təlim materialları hazırlamalıdır ki, onlar həmin mənbələrdən istifadə edərək sərbəst şəkildə hazırlaşa və sertifikatlaşdırma imtahanının məzmununu mənimsəyə bilsinlər. Əks halda, müəllimlərin hər hansı kursa ödəniş edib hazırlaşmaq məcburiyyətində qalması ciddi bir problemdir. Bu, həm iqtisadi, həm sosial, həm də psixoloji baxımdan ciddi bir böhran kimi qiymətləndirilə bilər”.
Sinqapur və Finlandiya modeli bizim üçün nümunə ola bilər:
"Könüllülük məsələsində isə Amerika Birləşmiş Ştatları modeli bizim üçün daha uyğun nümunə ola bilər, çünki orada qeyd etdiyim kimi proses könüllülük əsasında qurulub.
Azərbaycan müəllimləri də gələcəkdə könüllü şəkildə sertifikatlaşdırma prosesində iştirak edərək öz məvaciblərini artırmaq, həm də peşəkar prestijlərini yüksəltmək imkanı əldə edə bilərlər”.


























