Bakı şəhər 36 nömrəli məktəbdə “Beynəlxalq Sertifikatlı Rəqəmsal Müəllim” layihəsi çərçivəsində növbəti mərhələ
Yeniproqnoz.az xəbər verir ki, Bakı şəhəri 36 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilən “Beynəlxalq Sertifikatlı Rəqəmsal Müəllim” qrant layihəsi çərçivəsində müəllimlərin rəqəmsal kompetensiyalarının inkişafına yönəlmiş təlimlər davam etdirilir. Layihənin əsas məqsədi pedaqoji heyətin beynəlxalq standartlara uyğun rəqəmsal bilik və bacarıqlarını gücləndirmək, onların sertifikatlaşdırma prosesinə sistemli şəkildə hazırlanmasını təmin etməkdir.
Təlim proqramı çərçivəsində iştirakçılar rəqəmsal savadlılıq, informasiya təhlükəsizliyi, onlayn əməkdaşlıq alətləri və effektiv rəqəmsal resurslardan istifadə istiqamətində praktiki bacarıqlar əldə edirlər. Təlimlər Aygün Cəfərova tərəfindən interaktiv və tətbiqyönümlü formatda aparılır.
Layihənin 4-cü ayında təlimləri uğurla tamamlayan müəllimlər üçün 30 ədəd beynəlxalq ICDL imtahan vauçerinin alınması nəzərdə tutulur. Bu vauçerlər müəllimlərə ICDL Authorized Testing Centers-də keçirilən rəsmi imtahanlarda iştirak imkanı yaradacaq. Eyni zamanda, vauçer paketi sınaq imtahanı, əsas imtahan və nəticə uğursuz olduğu halda ikinci cəhd imkanını da əhatə edir.
Təşəbbüs çərçivəsində müəllimlərin beynəlxalq səviyyədə tanınan sertifikat əldə etməsi, məktəbdə rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi və tədris keyfiyyətinin yüksəldilməsi hədəflənir. Layihənin icrası məktəbdə davamlı peşəkar inkişaf mühitinin formalaşmasına və rəqəmsal liderliyin güclənməsinə strateji töhfə verir.