Bu ilin ilk 2 ayı ərzində Elm və Təhsil Nazirliyi regional təhsil idarələrinin əhatə etdiyi ərazilərdə şagirdlərin məktəblərarası daşınması üçün ümumilikdə 3,8 milyon manat dəyərində müqavilələr bağlayıb...
Poliqon bizimesr.az portalına istinadən xəbər verir ki, müqavilələr “Baku Rent Service” (1,1 milyon manat), “Fast Vay” (800 min manat) və “Logistics and Transport Services” (1,9 milyon manat) şirkətləri arasında bölüşdürülüb.
Rəsmi məlumatlarda deyilir ki, bu vəsaitin Abşeron-Xızı, Dağlıq Şirvan, Qax-Tovuz, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Qarabağ, Şərqi Zəngəzur, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan-Salyan, Lənkəran-Astara və Mil-Muğan bölgələrində şagird daşınmasına yönəldilib.
3,8 milyon manatın nəticəsi necə görünür?
Bazar qiymətlərinə əsasən, yeni və standartlara uyğun məktəb avtobusunun dəyəri orta hesabla 170-300 min manat aralığındadır. Bu məbləğlə ən azı 10-15 ədəd iri həcmli, xüsusi təhlükəsizlik standartlarına malik məktəb avtobusu almaq mümkündür. Mini-avtobus seqmentində isə bu say daha çox ola bilər. Əgər vəsait birbaşa alışa yönəlsəydi, bölgələrdə vahid standartlı məktəb avtobus parkının formalaşmasının şahidi ola bilərdik.
Ancaq göründüyü kimi, müqavilələr “xidmətin satın alınması” formasındadır. Yəni dövlət avtobus almır, daşınmanı şirkətlər vasitəsilə həyata keçirir. Bu isə o deməkdir ki, hər il milyonlarla manat ödənilir, lakin nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçmir, təhsil nazirliyinin deyil, məktəblərin deyil.
Elm və Təhsil naziri Emin Əmrullayev tərəfindən icra olunan layihə ilə bağlı böyük suallar açıq qalır və bu suallara heç kim cavab vermir. Sadəcə dövlət büdcəsindən ayrılan vəsait aayrılması qeyd olunur.
Emin Əmrullayevin 2 ayda 4 milyon manata yaxın pul xərclədiyi bu “xidmət”in altında əslində nələr var?
Cəmiyyət üçün maraqlı suallar var
Bu qədər pulun qarşılığında istifadə olunan avtobusların markası və modeli nədir? İstehsal ili neçədir? Onlar xüsusi məktəb avtobusu standartlarına uyğundurmu, yoxsa adi “Ford”, “Mercedes”, “QaZell” tipli mikroavtobuslardır? Hər bölgədə gündə neçə şagird daşınır və xidmətin bir şagird üçün maya dəyəri nə qədərdir?
Bildiyimiz kimi, özəl təhsil müəssisələrində sarı rəngli, xüsusi məktəb avtobusları açıq şəkildə görünür. Dövlət isə milyonlarla manat xərclədiyi layihə çərçivəsində nə texniki siyahı, nə vizual təqdimat, nə də detallı statistika açıqlayır. Bu isə şəffaflıq deyil.
Daha mühüm məsələ isə prioritet seçimidir. Təhsil sistemində hələ də qəzalı məktəb binaları, istilik problemi, laboratoriya və avadanlıq çatışmazlığı mövcuddur. Belə bir şəraitdə hər il milyonlarla manatın yalnız daşınma xidmətinə yönəldilməsi nə dərəcədə səmərəlidir? Əgər eyni vəsaitlə məktəblərin öz balansına avtobuslar alınsaydı, bu həm aktiv formalaşdırar, həm də uzunmüddətli xərcləri azalda bilərdi. Hə, Emin Əmrullayev düşünə bilər ki, direktorlar bu avtobuslardan səmərəli istifadə etməyəcək, pul qazanacaq və sairə.. Əcəba, indiki “xidmət müqavilə”sindən qazananlar yoxdur ki? Əlbəttə var...
Bizimesr.az-a daxil olan məlumata görə, “Baku Rent Service” (1,1 milyon manat), “Fast Vay” (800 min manat) və “Logistics and Transport Services” (1,9 milyon manat) şirkətlərinin rəhbərləri nazir Emin Əmrullayevin ən yaxın adamlarıdır və bu istiqamətdə layihələr konkret olaraq onlara verilib. Bəs bu şirkətlər xidməti necə həyata keçirirlər?
Bildiyimiz kimi, uzun illərdir Bakıda və rayonlarda məktəbliləri dərsə aparıb-gətirən mikroavtobuslar fəaliyyət göstərir. İmkanlı şəxslər bir neçə mikroavtobus alaraq bu işi qurub və sürücü tutaraq məktəbli daşıyır. Əlbəttə ki, bu avtobusların heç biri məktəbli daşıyacaq standartlara cavab vermir, sərnişin daşıma üçün icazələri yoxdur. Belə olan halda onlara təsir imkanları da genişdir və asanlıqla razılaşdırma mümkündür.
Məhz Baku Rent Service” (1,1 milyon manat), “Fast Vay” (800 min manat) və “Logistics and Transport Services” (1,9 milyon manat) şirkətləri də bu məktəbliləri daşıyan mikropatobus sahibləri ilə danışaraq “xidməti” həyata keçirirlər.