“İdrak” Liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI
“İdrak” Liseyində bir müddət əvvəl baş vermiş silahlı insidentlə bağlı yeni məlumat yayılıb.
Modern.az-a verilən məlumata görə, hadisə zamanı xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb.
Bununla yanaşı, insidenti törədən 10-cu sinif şagirdi Əli Şirinovun ailəsi ilə “İdrak” Liseyinin rəhbəri Mönsüm Alışovun oğlu İdris Alışov və liseyin direktoru Natəvan Alışova arasında ailəvi dostluq münasibətlərinin olduğu bildirilir.
İddialara görə, istintaq yekunlaşdıqdan sonra şagirdin təhsilini davam etdirməsi üçün ailəsi tərəfindən Londona göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, bu yaxınlarda yayılmış digər məlumatda müəllimin hadisəni törədən şagirdi bağışladığı bildirilib. Barışığı təsdiq edən rəsmi sənəd istintaq orqanına təqdim edilib. Bu səbəbədən də şagirdin azadlığa buraxılacağı gözlənilir.
Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. “İdrak” Liseyinin 10-cu sinif şagirdi Əli Şirinov atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllim Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimin boyun nahiyəsindən 16 qırma çıxarıblar.
Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.



























