Təhsil Nazirliyinin son illərdə apardığı siyasət bir həqiqəti açıq göstərir: müəllimlik peşəsi Azərbaycanda məqsədli şəkildə sıradan çıxarılır. Görünən o deyil ki, müəllimlik inkişaf etdirilir; görünən odur ki, bu peşənin dayaqları sistemli şəkildə sarsıdılır.
Tehsilmedia.az bildirir ki, Emin Əmrullayevin ictimaiyyət qarşısında səsləndirdiyi gözləntilər, verdiyi “vizion”, təqdim etdiyi “tələblər” – təəssüf ki, indiki əməkhaqqı sistemi ilə heç bir formada üst-üstə düşmür. İnsanlardan professor səviyyəsində kompetensiya tələb edilir, amma ödəniş isə müəllimi sosial yardım səviyyəsinə endirir.
Məntiqsiz “Yenilik”:
Onda akademik dərs keçsin, müəllimlər üçün isə iş yerləri açılsın!
Reallıqda sanki bir “çox ağıllı” plan var:
məktəblərdə müəllimlik peşəsi aradan qalxsın,
yerinə professorlar dərs keçsin,
müəllimlər isə başqa sahələrdə iş tapsın.
Bu, yumor deyil. Mövcud siyasətin nəticəsi məhz budur. İş yükü artırılır, təzyiq çoxalır, qiymətləndirmə mexanizmləri qərəzlə sərtləşdirilir, motivasiya isə sıfıra endirilir. Bu, müəllim peşəsinin qəsdən qeyri-cazibədar edilməsinin klassik nümunəsidir.
ARTİ və MÜTDA-nın hazırladığı suallar: Çətin yox, absurddur
Son illər qiymətləndirmə mərkəzlərinin hazırladığı testlər, şəffaflıqdan daha çox, “heç kim bilməsin” yanaşmasının məhsuludur. Bu suallar:
nə pedaqoji psixologiyaya,
nə məktəb reallığına,
nə də beynəlxalq standartlara uyğundur.
Məqsəd obyektiv qiymətləndirmə yox, sistemdə süni rəqabət və çaxnaşma yaratmaqdır. Müəllimlər bir-birilərinə düşmən edilir, təhsil əməkdaşlığı pozulur, məktəb mühitində qorxu psixologiyası formalaşır.
Rüşvət və yeyinti – yenidən pik həddə?
Bütün bu xaosun sonunda nə baş verəcək?
Çox sadə:
1. Heç kim sualların mahiyyətini anlamayacaq.
2. Heç kim prosesi obyektiv keçə bilməyəcək.
3. İnsanlar çıxış yolu kimi yenidən RÜŞVƏTƏ üz tutacaqlar.
Belə şəraitdə
qiymətləndirmə,
müsahibə,
sertifikasiya,
“inkişaf kursları”
- hamısı yeni korrupsiya ocaqlarına çevriləcək. Çünki sistem o qədər qeyri-şəffafdır ki, çıxış yolu artıq rəsmi mexanizmlərdən keçmir.
Bu siyasət davam etsə...
müəllimlik peşəsinin cəlbediciliyi tam yox olacaq,
keyfiyyətli kadrlar təhsildən qaçacaq,
məktəbdə qalanlar isə yalnız məcburiyyətdən qalacaq,
rüşvət, özbaşınalıq, yeyinti pik həddə çatacaq,
təhsil sistemi çökməyəcək – artıq çökdürüləcək.
Bu gün “səmərəlilik”, “yenilik”, “xarici təcrübə” adı ilə təqdim olunan siyasət, əslində, Azərbaycan məktəbini peşəkar müəllimdən məhrum etmək planıdır.
Bu planın qalibi yoxdur – nə şagird, nə valideyn, nə cəmiyyət.
Tək qalib isə sistemi idarə edənlərdir.