Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırılması prosesi başlayandan bəri – 2022-ci ildə indiyə kimi 5054 müəllimin əmək müqaviləsi ləğv edilib.
Modern.az-ın məlumatına görə, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, həmin müəllimlər sertifikasiya imtahanlarında kəsilən təhsilverənlərdir.
N.İsmayılbəyli bildirib ki, sertifikatlaşdırılması prosesi başlayandan bəri daha 500 müəllim öz ərizəsilə işdən çıxıb.
Agentlik rəsmisinin sözlərinə görə, indiyədək 120 min müəllimdən 85 mini sertifikatlaşdırılma prosesinə cəlb olunub.
Qeyd edək ki, sertifikatlaşdırmadan keçə bilməyən müəllimlər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.
Təkrar sertifikatlaşdırmadan kəsilən müəllimlərlə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.