Bizim məktəbəqədər təhsillə bağlı keyfiyyət problemimiz var. Bu, həmin müəssisələrdə çalışan bəzi müəllimlərin ixtisaslarının uyğun olmaması ilə əlaqədardır. Lakin bir anda çox sayda şəxsi işdən azad etmək də mümkün deyil. Üstəlik, bir çox hallarda təqdim olunan diplomların saxta və ya orijinal olduğunu sübut etmək olmur. Burada əsasən 1998-ci ilə qədər alınmış diplomlardan söhbət gedir".
Redaktor.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universiteti və Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransının açılış mərasimində səsləndirib.
O, məktəbəqədər təhsilin əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu mərhələdə təhsilə cəlb edilmiş nəticələri daha yüksək olur.
"Ən vacib mərhələ ilkin yaş dövrünün inkişafıdır. Müşahidələr göstərir ki, azı bir il məktəbəqədər təhsilə cəlb olunan uşaqlar sonradan daha yaxşı nəticələr göstərirlər. Hər bir uşaq üçün minimum bir il məktəbəqədər təhsil vacibdir".
Emin Əmrullayev onu da bildirib ki, təhsil sahəsində aparılan islahatların nəticələri dərhal hiss olunmur və bunun üçün müəyyən zaman tələb olunur.
Nazir çıxışının davamında elmi məsələlərin ictimai rəy və emosional yanaşmalardan ayrı qiymətləndirilməsinin vacibliyini də vurğulayıb:
"Elm və təhsildən danışarkən bu sahələri ictimai fikrin emosional dalğalarından ayırmalıyıq. Təəssüf ki, bəzən hansısa dərslikdəki bir hərf səhvi ətrafında yaranan müzakirələr əsas gündəmi kölgədə qoyur".