Naxçıvanda orta məktəbdə müəllim şagirdə TƏCAVÜZ ETDİ - Nazirlik ört-basdır etməyə çalışsa da...
Naxçıvan şəhər 12 nömrəli orta məktəbdə müəllimin şagirdə qarşı cinsi təcavüzü ilə bağlı araşdırma başlayıb. Bu haqda “Gündəlik Naxçıvan”a məktəbdə çalışan əməkdaşlar məlumat veriblər.
Onların sözlərinə görə, yerli Təhsil Nazirliyi əvvəlcə bu məsələni ört-basdır etmək istəsə də, valideynlərdən birinin şikayətindən sonra hüquq-mühafizə orqanları işə qarışmalı olub.
Adı çəkilən məktəb Naxçıvanın elit məktəbi kimi tanınır və burada əsasən vəzifəli şəxslərin və ya imkanlı ailələrin uşaqları təhsil alır.
Hadisədə adları hallanan müəllim və yuxarı sinif şagirdinin kimliklərini etik baxımdan açıqlamırıq.
Müəllimlərin bildirdiyinə görə, hadisə bir həftə əvvəl baş versə də, gizlədilib:
“Hadisə sinif otaqlarından birində baş verib və bunu uşaqlar görüblər. Daha sonra məktəb rəhbərliyi nazirliyi məlumatlandırıb. Nazirlikdən bildirilib ki, hadisə haqqında heç yerdə danışılmasın. Hadisəni törədən müəllimə də gözün üstə qaşın var deyən olmayıb.
Daha sonra hadisəni görən, atası vəzifədə olan qız şagirdlərdən biri bunu evdə danışıb. Valideyn isə qızının təhsil aldığı məktəbdə belə bir hadisənin baş verməsindən və təkrarlanacağından narahat olaraq hüquq-mühafizə orqanlarına müraciət edib. Artıq iki gündür DTX işə qarışıb, araşdırma aparılır, sorğu-sual edilir.
Araşdırma zamanı məlum olub ki, münasibət şagirdin də razılığı ilə qurulub, lakin o, azyaşlı olduğundan bu, təcavüz kimi qiymətləndirilir.
Nazirlik isə günahkar müəllimi qorumaqda davam edir. İstəyirlər ki, məsələni bağlamaq üçün günahı məktəbin təlim-tərbiyə üzrə direktor müavininin üzərinə atsınlar və onu töhmətlə işdən çıxarsınlar. O isə haqlı olaraq deyir ki, hadisəni törədən kənarda qalarkən, niyə o cəzalanmalıdır.”
Müəllimlərin bildirdiyinə görə, araşdırmalar zamanı məktəbdə nazirliyin təsiri ilə baş verən digər ciddi qanun pozuntuları da üzə çıxıb:
“Araşdırma zamanı şagirdlərin davamiyyətini yoxlamaq zərurəti yaranıb. Bu zaman məlum olub ki, jurnalda hər gün dərsə gələn kimi qeyd olunan bəzi şagirdlər əslində Bakıda özəl müəllimlərlə təhsil alırlar. Dərsə gəlməyən həmin şagirdlərin hamısına yüksək qiymətlər yazılıb.
Bu işdə birbaşa nazirliyin əli var. Məktəb bunu heç vaxt özbaşına edə bilməz. Nazirlik ört-basdır etməyə çalışsa da, həmin uşaqların müvəqqəti Bakıya getdiyini bildirsə də, araşdırma zamanı məlum olub ki, onlar Naxçıvanı aylar əvvəl tərk ediblər və geri qayıtmaları ilə bağlı nə aeroportda, nə də Culfa gömrük məntəqəsində məlumat var.”
Adı çəkilən nazirlik qeyd olunan iddialara cavab vermək istəməyib

























