DİM və ETN: hansı daha şəffaf, etimadlı və innovativdir?
Təhsil sistemindəki böhranının təhlili
Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq konfrans keçirildi. Bu konfransda qaldırılan məsələlər bir qurumun fəaliyyətinə verilən qiymət deyil, bütövlükdə təhsil sisteminə yönəlmiş ciddi mesajdır. Bu kontekstdə DİM ilə Elm və Təhsil Nazirliyi (ETN) arasında ictimai qavrayış fərqi açıq şəkildə görünür: biri ictimiyyətin etimadını qazanan sistem, digəri isə etimad böhranı yaşayan qurum kimi qəbul edilir. Bu fərq təsadüfi deyil, bu illərin, idarəetmə fəlsəfəsinin nəticəsidir.
DİM modeli: şəffaflıq və standartlaşmaya əsaslanan etimad
DİM-in uğurunun arxasında üç əsas prinsip dayanır:
1.Ölçülə bilən və standart sistem. Burada imtahan prosedurları aydın və əvvəlcədən məlumdur, nəticələr rəqəmlərlə və statistik əsaslarla izah olunur.
2.Şəffaflıq. Nəticələr açıq elan olunur, şikayət mexanizmləri mövcuddur.
3.Texnoloji innovasiya. Elektron imtahan sistemləri, avtomatlaşdırılmış qiymətləndirmə. Bu yanaşma nəticəsində DİM imtahan keçirən qurumdan etimadlı quruma çevrilib.ETN modeli: sistemli bphran və qeyri-müəyyənlik problemləri
ETN-in fəaliyyətinə yönələn ictimai qınaqlar və ciddi qüsurlar kimi qərarların qeyri-şəffaf qəbul olunması, tez-tez dəyişən qaydalar, uzunmüddətli strategiynın yoxluğu, innovasiyaların formal xarakter daşıması, nəticəyönümlü deyil, prosesyönümlü idarəetmə. Bu qüsurlar nəticəsində təhsil sistemi öz əsas funksiyasını – etimad yaratma funksiyasını itirir.
Repetitorluğin kütləviləşməsi
Ölkədə müşahidə edilən kütləvi repetitorluq təhsil bazarının verdiyi “sərt siqnal”dır. Cəmiyyətdə ən real indicator xalqın davranışdır. Valideynlərin kütləvi şəkildə repetitorlara, hazırlıq kurslarına üz tutması sistemə verilən açıq qiymətdir. Bu seçim deyil, məcburi alternativ sistemdir. İctimaiyyətin fikri bunu bir daha təsdiqləyir: uşaqlar erkən yaşdan repetitorlara yönləndilir, hazırlıq kursları bazarı sürətli genişlənir. Bu, bazarın dövlət təhsil sisteminə verdiyi mesajdır göstərir ki, təhsil sistemi öz vəzifəsini icra edə bilmir.
Xarici dilə maraq nədən qaynaqlanır?Tədbirdə çıxış edən elm və təhsil nazıri xarici dilə marağın artmasını xüsusi vurğulayır. Bəs bu marağın kökündə nə durur? Təhlillər göstərir ki, xarici dilə maraq təhsilin keyfiyyəti ilə yox, daha çox xaricdə təhsilə meyillə bağlıdır. Çünki, yerli universitetlərin verdiyi təhsil çox vaxt keyfiyyətsiz olur. Əslində keyfiyyətli təhsil sistemi olsaydı, şagirdlər xarici dili məktəbdə səmərəli öyrənə bilsəydi, repetitor bazarı bu qədər böyüməzdi. Deməli, problem təkcə motivasiyada yox, təklif olunan təhsilin keyfiyyətindədir.
Ölkəmizin baş nazirinin də etiraf etdiyi kimi, universitetlərimizin verdiyi diplomlar xaricdə tanınmır. Bu nəinki cəmiyyətdə, elə cə ölkə sərhədlərindən kənarda diplomlarımıza etimadsızlıq yaradır. Bu etimadsızlığı isə aradan qaldırmağa on illərlə vaxt, peşəkar fəaliyyət, ciddi investisiyalar lazımdır.
Məlum olduğu kimi bu ərəfədə ETN menecerləri Qazaxıstana səfər etmişdilər. Səfər çərçivəsində məqsəd həm də “Study in Azerbaijan” sərgisində iştirak, Azərbaycan universitetlərinin təbliği, Qazaxıstandan bizim universitetlərə tələbələr cəlb etməkdir. Qazaxıstanda 200-dən artıq universitet var, onların 90 % bizim universitetlərdən daha keyfiyyətlidir. Bu halda Qazaxstandan bura tələbə gəlməsi real deyil. Bu səbəblərdən digər ölkələrdən də tələbə axını ölkəmizə azdır. Öz ölkəsində etimadı itirən təhsil sistemi, xaricdən tələbə cəlb edə bilməz.Etimadsız təhsil sistemi gələcək qura bilərmi?
Bu sual emosional deyil, strateji xarakterlidir. Etimadsız təhsil sistemi insan kapitalı da yarada bilməz (hətta 23 ilə), sosial bərabərsizliyi artırar, kölgə təhsili yaradar, nəticədə cəmiyyətin dövlətə də inamı zəifləyir. Bu isə uzunmüddətli perspektivdə iqtisadi- sosial inkişafa ciddi problemlər yaradır.
DİM və ETN: hansı daha innovativdir?
DİM-in fəaliyyətindəki innovativ məqamlar müxtəlif yollarla mütəmadi olaraq ictimaiyyətə təqdim edilib, bu haqda geniş danışmayacağıq. ETN isə bizləri sözün həqiqi mənasında təhsil innovasiyalarına həsrət qoyub. Biz son 35 ildə nəinki təhsil innovasiyaları yaratmamışıq, bir çox təhsil innovasiyalarını ölkəmizə transfer də edə bilməmişik. İnnovasiyalar təbii ki, vakumdan yaranmır, buna elm, peşəkarlıq və investisiya lazımdır. ETN-nin təhsil elmləri və təhsil innovasiyaları yaratmaq sahəsindəki zəif potensialı təhsil ictimaiyyətinə yaxşı məlumdur. Amma bu qurum heç verilən təkliflərə, innovasiyalara, hər cür təşəbbüslərə də qapalı sistemdir. Dünyanın indiki sürətli inkişaf tempində bu “innovativ”liklə təhsilimiz necə inkişaf edə bilərdi?Biz 25 ildir TN və ETN-ə ölkəmizdə distant təhsil sisteminin yaradılması zərurətini başa sala bilmədik. ETN-nin böyük coşqu ilə təbliğ etdiyi Qazaxıstan səfəri zamanı, heç olmasa orada 20 ildir tətbiq edilən distant təhsil sistemi ilə tanış olardılar.
ETN indi azkomplektli məktəblərdə distant təhsilin tətbiqindən, universitetlərdə hibrit təhsildən danışır. İnnovasiyalara 25 il ləngiməklə verilən “operativ reaksiya” təhsilimizi rəqabətədavamlığı edə bilərmi?
Təəssüf ki, dünya təhsilində son 25 ildə yranan xeyli innovasiyalar, bizim təhsil sistemindən yan keçdi. Biz nəinki innovasiya yarada bilmədik, əksinə, təhsildə olan yaxşı ənənələri də heç qoruya bilmədik. Son 30 il təhsilimizin tənəzzül tarixi oldu.Problemin kökü idarəetmə fəlsəfəsindədir.
Etimadsızlığın yaranmasında əsas məsələ texniki yox, konseptual xarakterlidir. DİM modeli nəticəyönümlü, ölçülə bilən və şəffaf, ETN modeli isə prosesyönümlü, qeyri-müəyyən, qapalıdır. Bütün problemlər də məhz buradan yaranır.
ETN nələri dəyişməlidir?
1.Şəffaflıq radikal şəkildə artırılmalı, qərarlar elmə əsaslanmalı, səbəbi ictimaiyyətə izah edilməli, məlumatlar açıq paylaşılmalı, ictimai nəzarət, tənqid və özünütənqidə meydan verilməlidir.
2. Ölçülə bilən nəticə sistemi qurulmalı, məktəblərin performansı real göstəricilərlə ölçülməlidir. Amma, şagirdlərin, eləcə də məktəblərin perfomansı rəsmi təhsili yox, kölgə təhsilinin, repetitorların fəaliyyətini qiymətləndirir. Bu yolla formalaşmış datalar təbii ki, proseslərin korreksiyasına imkan vermir. Başqa sözlə, təhsil sisteminin keyfiyyətinə nəzarət obyektiv deyil, bu idarəolunmaz haldadır.
3.Repetitorluq bazarı təhlil edilməli, bu ciddi neqativ “simptom” kimi dəyərləndirilməlidir.
4. DİM təcrübəsi genişləndirilməli, qiymətləndirmə mədəniyyəti bütün təhsil sisteminə inteqrasiya olunmalıdır.
Etimad olan yerdə sistem işləyir, etimad olmayan yerdə alternativ təhsil bazarı, “kölgə” təhsili yaranır. DİM nümunəsi göstərir ki, Azərbaycanda işləyən model qurmaq mümkündür. ETN nümunəsi isə göstərir ki, bu model heç də bütün təhsil sisteminə tətbiq oluna bilmir. Hər şey peşəkarlıqdan, məsuliyyətdən, şəffaflıqdan, innovativlikdə asılıdır.Təhsil sistemi sadəcə bilik vermir, o, cəmiyyətin dövlətə olan etimadını formalaşdırır. Əgər belə bir ictimai etimad yaranmırsa, problem təkcə təhsil sistemində deyil, problem artıq gəncliyin ümidsiz gələcəyindədir. Gənclərimiz bu təhsillə gələcək həyata necə hazırlaşsın? Gənclik “özünə yeni iş yeri” necə yaratsın, illərlə yığılan problemləri necə həll etsin?
Etimadsız, keyfiyyətsiz, tərsinə qurulmuş təhsil sistemi mürəkkəb regionda yerləşən ölkəmizi postneft erasına hazırlaya biləcəkmi, yoxsa vəziyyət daha da ağırlaşacaq?
Dosent İlham Əhmədov
























