Təbiət oyanır, mart qapıdadır. Amma təəssüf ki, baharın gəlişi ilə bərabər təkcə təbiət deyil, yeniyetmələrin içindəki cilovlanmayan aqressiya da "ayaqlanıb". Son zamanlar məktəblərdən gələn xəbərlər artıq sadə bir "şagird davası" limitini çoxdan keçib. Ağır xəsarətlər, kəsici alətlər, hətta ov tüfəngindən istifadə... Bu, sadəcə təhsil ocağının problemi deyil, cəmiyyətin həyəcan təbilidir.
Tehsil.media qeyd edir ki, hadisə baş verən kimi hamımız eyni reaksiyanı veririk: "Direktor hara baxırdı?", "Mühafizəçi niyə görmədi?", "Müəllim şagirdin çantasını yoxlamalı idi". Əlbəttə, məktəbin nəzarət mexanizmi olmalıdır, lakin problemi yalnız bir neçə nəfərin işdən azad edilməsi ilə həll etmək dənizi qaşıqla boşaltmağa bənzəyir. Məsələ daha dərindir və kökləri məktəb binasından kənara – evlərimizin içinə qədər uzanır.
Bir uşaq məktəbə silah və ya bıçaqla gəlirsə, o, həmin cinayət alətini məktəbin həyətində tapmır. Onu evdən çıxarır. Bəs valideyn hara baxır? Övladının otağından çıxmaması, anasına cavab qaytarması, səbəbsiz əsəbi olması, geyimindəki kəskin dəyişikliklər bir valideynin gözündən necə qaça bilər? Uşaqlar evdə özlərini mütləq bir hərəkətlə büruzə verirlər. Problem ondadır ki, biz uşağımızın cibinə baxmaqdan əvvəl, onun ruhuna baxmağı unutmuşuq.
Bu günün uşağı nəyə baxırsa, ona bənzəyir. İnternet məkanındakı zorakılıq videoları, aqressiv oyunlar və "qəhrəmanlaşdırılan" cinayət obrazları uşaqların şüurunda şiddəti adiləşdirir. Onlar üçün vurmaq, söymək, acılamaq artıq bir "güc nümayişi" deyil, gündəlik həyatın bir parçasına çevrilib. Nəyi çox görürlərsə, onu normal qəbul edirlər.
Texnologiya əslində bizə imkanlar verir: zərərli saytlara qadağa qoymaq, uşağın rəqəmsal izini izləmək bu gün çox asandır. Psixoloqlar, məktəb xidmətləri əlçatandır. Lakin biz bu vasitələrdən istifadə etmək əvəzinə, məsuliyyəti bir-birimizin üzərinə atmaqla məşğuluq.
Hər hansı bir məktəbdə bədbəxt hadisənin baş verməməsi o məktəbin mükəmməlliyindən deyil, bəlkə də sadəcə şansdandır. Çünki həmin potensial aqressiv şagird bu gün məktəbin həyətində dava etmirsə, sabah küçədə, parkda və ya başqa bir məkanda partlayış verəcək. "Mənim məktəbimdə olmadı" deyib şükür edib kənara çəkilmək bizi xilas etməyəcək.
Cəmiyyəti və gələcəyimizi qurtarmaq üçün artıq kosmetik dəyişikliklər (müəllim qovmaq, direktor dəyişmək) yetərli deyil.
Ailə nəzarəti: Valideyn övladının həm çantasını, həm də virtual dünyasını "təftiş" etməlidir.
Ünsiyyət: Uşaqla "nə almısan?" sualından çox, "nə hiss edirsən?" sualı ilə ünsiyyət qurulmalıdır.
Milli-mənəvi filtr: Uşaqların ideal seçdiyi personajlar yenidən gözdən keçirilməlidir.
Təhsil rüşvətin, cəmiyyət isə şiddətin girovuna çevrilməməlidir. Bir yerdə addım atmalıyıq, çünki bu yanğın söndürülməsə, hamımızın evini təhdid edəcək.