Deputatların kitablarına tənqidçi kimi yanaşmayacağıma söz vermişəm - MÜSAHİBƏ
Ədəbiyyat adamının Milli Məclisdə deputat kimi təmsil olunması, ədəbiyyatın və ümumən mədəniyyətin qanunvericilik səviyyəsində təmsilçisinin olması deməkdir. Çünki həmin deputatın parlamentdə ədəbiyyatla, onun problemləri ilə bağlı təkliflər irəli sürməsi illərdir yaranan, yığılıb qalan ədəbi məsələlərin dövlət tribunasına daşınması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu həm elmi düşüncənin, həm də milli-mənəvi dəyərlərin qərarvermə prosesinə daxil olmasının bariz və müsbət nümunəsidir.
Milli Məclisdə təmsil olunan ədəbiyyat adamlarından biri Elnarə Akimovadır. O, filologiya elmləri doktoru, ədəbiyyatşünas və ədəbi tənqidçidir.
Modern.az saytı Elnarə Akimova ilə parlament fəaliyyəti, mədəniyyət siyasəti və müasir ədəbiyyat mövzusunda həmsöhbət olub. Onunla müsahibəni təqdim edir:
- Deputat seçilməklə siyasətə gəlmiş oldunuz. Siyasi proseslərdə iştirak etmək ədəbiyyatın içində yetişən biri üçün yorucu deyil?
- Deputat seçilməzdən üç il əvvəl YAP İdarə Heyətinin üzvü kimi artıq siyasi arenada idim. Düzdür, bu cür sistemli, davamlı şəkildə çalışmırdım, amma siyasi-ideoloji yöndə fəaliyyət göstərirdim. Əlbəttə ki, deputat olaraq missiya və işlər artıq başqadır, sistemli və çoxyönlüdür. Millət vəkili olmaq daha dinamik, daha çevik və diqqətli həyat tərzi tələb edir. Həm psixoloji, həm də fiziki baxımdan buna öyrəşmişəm, hətta deyim ki, artıq zövq almağa başlayıram. Nə qədər yorulsam da, dincəlmək üçün bir gün bəs edir. Hər yüksəliş bir sınaqdır əslində. Sınaqlardan çıxa-çıxa möhkəmlənirik.
- Parlamentdə təmsil olunmağınızla həm də, bir növ, məmur həyatı yaşayırsınız. Ədəbiyyat adamının belə bir həyatı yaşaması necə bir hissdir?
- Məncə, məmurlaşmamışam.
- Sizcə, deputat-ədəbiyyatçı olmaq riskdir, yoxsa üstünlük?
- İnsan özü olanda ona heç nə çətin olmur. Öz xarakterin, çəkin, səviyyən, dünyagörüşün və arxanda istinad etdiyin intellektual bazan varsa, heç kimi imitasiya etmirsənsə, hansısa riskdən söhbət gedə bilməz. Sadəcə burada daha ölçülü-biçili davranmalısan. Aydın və dürüst ideoloji mövqeyin olmalıdır. Düzdür, mənim ideoloji mövqeyim həmişə dürüst olub, buna baxmayaraq, artıq yeni və fərqli dəyərlər sisteminin içində olduğumu dərk edirəm. Dərk etdiyim üçün də riskli olduğunu düşünmürəm. Əksinə, daha əmin şəkildə təmsil olunduğum parlamentdə ədəbiyyatın dəyərlərinin keşiyində ayıq-sayıq dayana bilirəm, ədəbiyyatın tirubunasına çevrilə bilirəm. Çıxışlarım zamanı da əsasən mədəniyyət kontekstini çevrələyən məsələlərə hədəflənirəm. Düşünürəm ki, bu sahədə hələ həllini gözləyən məsələlər var və millət vəkili olaraq onları aktuallandırmaq həm də mənim borcumdur.
- Uzun müddət Milli Məclisdə təmsil olunan deputatlarla işləmək, onlara adaptasiya olmaq çətin olmadı?
- Qətiyyən. Bu bir az da yəqin xarakter məsələsidir. Xarakterimə uyumlu olan şəxslərlə rahat ünsiyyət qurub söhbətləşə bilirəm. Həm də onların arasında əvvəldən səmimi münasibətdə olduqlarım var. YAP İdarə Heyətinin iclaslarında daim bir araya gəlirdik. Amma o başqa məsələ ki, ədəbiyyat, sənət ruhu, bilgisi olanlarla söhbətim daha yaxşı tutur. Kənardan necə görünür bilmirəm, amma o çatının altında - içində ədəbiyyat ruhu daşıyan çox adam var. Mənəvi təlabatamı deyək, bədii yaradıcılığa meyilmi? Bütün hallarda bu, yaxşı haldır.
- Hansı deputatların kitabını oxumusunuz?
- Əksəriyyəti yeni kitablarını mənə təqdim edib. Hikmət Babaoğlu, Tahir Rzayev, Aqil Abbas, Fazil Mustafa. Tənqidçi olduğuma görə əvvəldən Aqil Abbası oxumuşam, hətta “Dolu” romanından belə yazmışdım əsər yenicə çap olunanda. İnşaallah, vaxt tapdıqca hamısını oxuyacam.
- Ədəbi tənqidçi kimi əsərlərinə rəy yazmağınızı istəyirlər?
- Yəqin ki... Amma bütün hallarda meyarlarım dəyişməzdir. Mətn özü haqda danışmağa, söz deməyə rəvac verəcəksə, nəsə yaza bilərəm. Əks halda, alınmır məndə.
- Milli Məclisin əvvəlki çağırışlarında da ədəbiyyat adamları təmsil olunub – Anar, Elçin, Sabir Rüstəmxanlı, Nizami Cəfərov və başqaları. Siz həmin deputatların fəaliyyətini yaxından izləyirdiniz?
- O zaman mənə bəlkə onların ədəbiyyatçı tərəfi daha öndə görünən olub deyə parlament fəaliyyətlərini çox izləməmişəm. Həm də mənə elə gəlir parlamentdə təmsil olunan deputatların fəaliyyəti son illərdə daha qabarıq şəkildə üzə çıxıb. Əvvəl fəaliyyətləri o qədər də sərgilənmirdi. Sosial şəbəkədə bu qədər aktiv deyildilər, yaxud media və mətbuatla bu qədər sıx bağlılıq yox idi. Bircə şey dəqiqdir ki, ədəbiyyatdan millət vəkili seçilənlərin heç biri artıq-əksik işi ilə tanınmayıb, hamısı layiqincə xidmətini edib. Görünür ki, sözün tərbiyə elədiyi, sözün içində olan insanlar hara getsələr də, o söz onların içindədir deyə, çəkilərini saxlayırlar. Ta sovet dövründən tutmuş indiki günlərə qədər söz adamları nə qədər yüksəliblərsə, öz nüfuzlarını xalq üçün qoruyub saxlayıblar, dövlətə ziyan gələn heç nəyin altında imzaları olmayıb.




























