May ayının 8-də Heydər Əliyev Fondu və Technip Energies şirkətinin təşkilatçılığı ilə keçirilən 7 həftəlik "Master Texnolohiya Transferi" proqramına yekun vurulub.
tehsil.media xəbər verir ki, Azərbaycan-Fransız Univeristetində təşkil olunan təlimlərdə UFAZ-la yanaşı ADNSU və BANM tələbələri də iştirak ediblər. Proqramı uğurla başa vuran 37 tələbə arasında 14 nəfər UFAZ təmsilçisi var.
Kurs müddətində tələbələrə Technip Energies şirkətindən olan peşəkar təlimçilər tərəfindən Davamlı yanacaqlar, Kimyəvi maddələr və Dairəvilik, Qaz və aşağı karbon enerjiləri, Rəqəmsal transformasiya, Cybernetix və s. mövzularda təlimlər keçirilib.
Bağlanış mərasimində çıxış edən UFAZ tədris departamentinin rəhbəri Səmra Şiriyeva uğurlu əməkdaşlığa görə universitet adından bütün Technip Energies komandasına təşəkkür edib. Technip Energies şirkətinin Baş Əməliyyat Direktoru Marko Villa və Kommersiya məsələləri üzrə vitse-prezidenti Luigi Fiorentino tələbələrin motivasiyasını və yüksək biliyini xüsusi qeyd ediblər.
Şirkət tərəfindən təqdimat sessiyasının qalibi seçilən komandanın 6 üzvündən 3 nəfəri (Arzu Səlimli, Elvin Rzayev və Zeynəb Şirinli) UFAZ-ın kimya mühəndisliyi üzrə 4-cü kurs tələbələri olub. İyun ayında planlaşdırılan müsahibə mərhələsini uğurla başa vuran 15 tələbə Avropanın müxtəlif şəhərlərində Technip Energies şirkətində təcrübə proqramlarına cəlb olunacaq.