ÜÇQAT YOXLAMA İLƏ ELMƏ XİDMƏT, YOXSA İDARƏÇİLİYİN PARODİYASI...
Son bir həftədə üçqat yoxlamadan (saat 10-dək dəftərə imza atan, onadək də turniketdən keçən, sonunda Rəyasətdən gələn yoxlamada + və ya - alan) keçirilən AMEA əməkdaşları azı 100 saat yığmağa məhkumdurlar. Bu primitiv yoxlamaları facecontrol və ya barmaq izi ilə qeydiyyata alan aparatla əvəz etmək olmazmı? İnsanları bu qədər sarsıntıya məruz qoyub psixoloji təzyiq altında saxlayanlar, kaş ki, AMEA-nın dəhlizində gəzib çağlayan narazılıq dalğasını da görəydilər. Qısa bir müddətdə əməkdaşlardan neçəsi Tibb mərkəzinə müraciət edib, hətta Təcili yardım belə gəlib. İşin təşkili, nəzarət, elmi məhsuldarlığın artırılması, hər anlamda ölü canları müəyyən edib ixtisara salmanın sivil və effektiv yolları olmalıdır. AMEA ƏMƏKDAŞLARI DƏFTƏRƏ İMZA ATMAQ KİMİ BƏSİT VƏ GÜLÜNC ASILIlıQDAN AZAD OLUNMALI, daha effektiv aparatların nəzarəti ilə iş fəaliyyətinə (elmi iş, şöbədə saat yığımı deyil) başlamalı və bitirməlidir.
Bu bir neçə gündə AMEA əməkdaşları sanki bir neşə yaş yaşlandı, saralıb solmuş bir duruma düşdülər. Hər kəsin "üzündə insan əzabının son həddi yazılıb" ("Nəsimi" filmi) sanki... Əgər eksperiment qoymusunuzsa, çox uğursuz alındı, cənablar. Yox, kimsə "Elmi müəssisə əsir düşərgəsinə çevrilərsə, nə baş verər" mövzusunda elmi iş yazırsa, cavabı tapmaq üçün aylar, illər gərək deyil, bir həftə yetdi... ELMİ MƏHSULDARLIQ SIFIR HƏDDİNƏ DÜŞDÜ... QAZANILAN ƏSƏB SARSINTISI, PSİXOLOJİ GƏRGİNLİK OLDU...




























