Tələbələr üçün müsabiqə: Mükafat fondu 15 MİN dollardır
“IBM” şirkəti universitet tələbələri üçün 15 min dollar mükafat fondu olan qlobal “AI Builders Challenge” müsabiqəsinə start verib.
Aztəhsil.az xarici KİV-ə istinadən xəbər verir ki, müsabiqə iştirakçıları şirkətin “IBM Bob” inkişaf alətindən istifadə etməklə süni intellekt əsaslı layihələr hazırlayacaqlar.
Təşəbbüs çərçivəsində “IBM Bob” platformasına giriş dünyanın 20 min ali təhsil müəssisəsində təhsil alan tələbələr üçün pulsuz təqdim olunacaq.
Müsabiqə “Süni intellektlə yaradıcılıq sənayelərinin gələcəyi”, “Yer kürəsindən kənara missiya: Kosmosun tədqiqi” və “Ağıllı iş sistemləri ilə sənayelərin transformasiyası” mövzularını əhatə edir.
Tələbələr layihələrini fərdi və ya komanda şəklində hazırlayaraq “GitHub” üzərindən təqdim edə biləcəklər.
Ən yaxşı layihənin müəllifi 5 min dollar mükafat və “IBM”in qlobal texnologiya konfransı olan “IBM TechXchange” tədbirinə dəvət qazanacaq.
Aylıq müsabiqələrdə isə iştirakçılar 750–2250 dollar aralığında mükafatlar əldə edə biləcəklər.
“IBM”in vitse-prezidenti Castina Nikson-Sentil bildirib ki, süni intellekt artıq iş proseslərinin ayrılmaz hissəsinə çevrilib və əmək bazarına daxil olan gənclər bu texnologiyadan səmərəli və məsuliyyətli istifadə etməyi bacarmalıdırlar.
Qeyd edək ki, qeydiyyat iyunun 3-də başlayıb, müsabiqənin ilk iki mərhələsi isə iyulun 1-i və avqustun 1-də keçiriləcək.


























