Gülçöhrə Məmmədova: Elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməlidir
“WUF13-ün Bakıda keçirilməsi çox uğurlu qərardır. Ona görə ki, Bakının şəhərsalma problemlərinin həllində, şəhərlərin inkişafında və mənzil siyasətinin həyata keçirilməsində çox böyük təcrübəsi var”.
Aztəhsil.az xəbər verir ki, bu fikirləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” beynəlxalq konfransında səsləndirib.
Rektor qeyd edib ki, çoxəsrlik tarixi olan şəhərimizdə hələ ötən əsrdə - sovet dövründə Heydər Əliyevin göstərişi ilə yeni şəhərsalma nümunələri tikilib.
Rektor bildirib ki, şəhərsalma məsələsində universitetlərin roıu çox böyükdür: “Müasir şəhərdə bir çox problemlər bir-biri ilə bağlıdır. Müasir şəhərləri yalnız urbanistlər, inşaatçılar və ya memarlar yaratmır. Ekoloqların, mühəndis sistemləri üzrə mütəxəssislərin, siyasətçilərin, sosioloqların və digər müxtəlif sahə nümayəndələrinin burada öz yeri və rolu var. Rəqəmsallaşmanı da qeyd etmək lazımdır. Əlbəttə ki, bu gün İT texnologiyaları çox böyük rol oynayır”.
G.Məmmədova qeyd edib ki, universitetlərimizin və ümumilikdə ali təhsilin qarşısında duran vəzifələrdən biri məhz belə interdisiplinar proqramların yaradılmasıdır: “Magistratura səviyyəsində daha geniş profilli mütəxəssislərin hazırlanmasına ehtiyac var. Eyni zamanda bizim elmi-tədqiqatlarımızda da bu kooperasiya və inteqrasiya çox gözəl nəticələr verə bilər. Bu gün elmi-tədqiqatlarda memarlıq və ekologiya birləşməli, birgə tədqiqatlar aparılmalıdır. Şəhərsalma və sosiologiya birləşməli, ortaq tədqiqatlar həyata keçirilməlidir və s. Binaların dayanıqlılığı, konstruktivlik və tətbiqi riyaziyyat sahələri arasında da əməkdaşlıq gücləndirilməlidir”.
Onun sözlərinə görə, bu gün informasiya texnologiyaları demək olar ki, bütün problemlərdə, bütün sahələrdə və istiqamətlərdə öz sözünü deməli və tətbiq olunmalıdır.


























