Abşeronda valideyn konfransı keçirilib
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva Xırdalan şəhər 3 nömrəli məktəb-liseydə valideynlərlə keçirilən görüşdə iştirak edib.
Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, Təhsil İdarəsinin müdir müavini Aynur Rüstəmova, Abşeron Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi Orxan Rzayev, struktur bölmə rəhbərləri və məktəb rəhbərləri də iştirak ediblər.
Çıxış edən İlhamə Abdullayeva müasir təhsil sisteminin aktual istiqamətləri sırasında yer alan məktəb–valideyn əməkdaşlığı, tədris motivasiyasının artırılması və erkən nikah hallarının qarşısının alınması məsələlərinə toxunub.
Daha sonra çıxış edən Gülnar Rəhimova təhsil mühitində sağlam sosial münasibətlərin formalaşdırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, uşaqların hərtərəfli inkişafında ailə və cəmiyyətin rolu böyükdür və bu istiqamətdə birgə fəaliyyət xüsusi əhəmiyyət kəsb edir.
Görüş çərçivəsində Xırdalan şəhər 3 nömrəli məktəb-liseyin psixoloqu Arzu Şamilova da çıxış edib. O, valideyn–məktəb əməkdaşlığının gücləndirilməsi, şagirdlərdə tədris motivasiyasının artırılması və öyrənməyə marağın formalaşdırılması istiqamətində həyata keçirilən yanaşmalar barədə məlumat verib. Psixoloq valideynlərin uşaqlarla düzgün ünsiyyət qurmasının, onların emosional vəziyyətinə həssas yanaşmasının və təhsil prosesinə aktiv şəkildə cəlb olunmasının əhəmiyyətini xüsusilə vurğulayıb.
Çıxış edən Orxan Rzayev erkən nikah hallarının qarşısının alınmasının hüquqi və sosial əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu kimi halların qarşısının alınmasında hüquq-mühafizə orqanları ilə yanaşı, məktəb və valideynlərin birgə fəaliyyəti mühüm rol oynayır. Bildirilib ki, maarifləndirmə işlərinin gücləndirilməsi və ictimai nəzarətin artırılması bu istiqamətdə effektiv nəticələrin əldə olunmasına şərait yaradır.
Bildirilib ki, məktəb–valideyn əməkdaşlığı şagirdin şəxsiyyət kimi formalaşmasında əsas amillərdən biridir. Valideynlərin təhsil prosesində aktiv iştirakı uşaqlarda məsuliyyət hissini gücləndirir, onların dərsə münasibətinin müsbət istiqamətdə formalaşmasına töhfə verir. Bu baxımdan təhsil müəssisələrində valideynlərlə sistemli və davamlı kommunikasiya qurulmalı, maarifləndirici tədbirlər və fərdi görüşlər təşkil olunmalıdır.
Tədris motivasiyası ilə bağlı qeyd edilib ki, şagirdlər yalnız bilikləri qəbul edən tərəf deyil, eyni zamanda təlim prosesinin aktiv iştirakçıları olmalıdırlar. İnteraktiv metodların tətbiqi, rəqəmsal texnologiyalardan istifadə və müasir yanaşmalar dərsə marağın artırılmasında mühüm rol oynayır. Müəllimin motivasiyaedici rolu isə şagirdlərin potensialının üzə çıxarılmasında həlledici əhəmiyyət kəsb edir.
Erkən nikahların qarşısının alınması məsələsinə toxunularaq bildirilib ki, bu problem yalnız sosial deyil, həm də ciddi təhsil məsələsidir. Erkən nikahlar, xüsusilə qızların təhsildən uzaqlaşmasına səbəb olur və onların gələcək imkanlarını məhdudlaşdırır. Bu istiqamətdə məktəblərin maarifləndirici fəaliyyəti, valideynlərlə aparılan iş və psixoloji dəstək mühüm vasitələr hesab olunur.
Sonda valideynlərin sualları cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.





























