Elm və Təhsil Nazirliyinin təhsildə rasionallaşma təşəbbüslərinin faydası olacaq?..-EKSPERT
Son aylar təhsildə optimallaşdırma və rasionallaşdırma mövzusunda müzakirələr geniş vüsət alıb. Xəzər Universitetimim təsisçisi, professor Hamlet İsaxanlı öz müsahibəsində qeyd edir: "Azərbaycanda dövlət ali məktəblərinin bəziləri bağlanacaq, bəziləri birləşəcək".
Eyni zamanda bakalavr təhsil pilləsinin 4 ildən 3 ilə, magistr təhsil pilləsinin 2 ildən 1 ilə endirilməsi haqqında da müzakirələr gedir. Belə rasionallaşma tədris yükünün, deməli, həm də universitetlərdə ştatların 25-35 % həcmində ixtisarı deməkdir. Bu halda müvafiq agentlikdə də ixtisarlar ola bilər.
Elm və Təhsil Nazirliyi bu qərarlara qəribə izah verir: bu "müasir əmək bazarının tələblərinə çevik cavab
vermək" üçün edilir. Hansı əmək bazarı, hansı tələblər? ETN bu ərəfədə bildirirdi ki, məzunlar bizdən iş tələb etməsinlər, özləri yeni iş yerləri yaratsınlar. Yəni əmək bazarında onlara iş yoxdur, kimlər iş istəyirsə, özlərinə iş yaratmalıdır, yəni, “özünüməşğulluq” prinsipinə keçirik daha...
Məzunların yeni iş yerlərini daha tez yaratması üçün ali təhsil müddəti 4 ildən 3 ilə salınır? 4 illik təhsillə məzun yeni iş yeri açmağa hazır deyilsə, 3 illik təhsillə bunu necə edəcək?
Bu gün ümumtəhsil məktəbinin 11 ildən 12 ilə keçməsi də müzakirə edilir. Bu halda məzunların əmək bazarına inteqrasiyasında əlavə bir il itirilir, yəni faktiki olaraq əmək bazarına daxil olma müddətində fərq yaranmır. Bəs nə üçün bu ideyalar irəli srülür?.. Ölkənin elmə əsaslanan təhsil siyasəti və strategiyası olmadığı üçün sistemsiz və xaotik dəyişikliklər təklif edilir, amma bu inkişafa səbəb ola bilməz. Universitetdə təhsil müddətindən bir il kəsmək, müəllimlərin təxminən 25-35% ixtisarı, məktəbin 11 ildən 12 ilə keçməsi isə məktəbdə 10% əlavə dərsin yükü və yeni ştatların yaranması deməkdir. Fərq budur ki, məktəblərdə artan ştata işə qəbul prosesini ETN aparacaq, MİQ imtahanı ilə, ali məktəblərdə ixtisar və işə qəbul ETN üçün maraqlı deyil, bunu universitetlər özləri edəcəklər...
30 il ərzində TN və ETN ölkənin uzunmüddətli təhsil strategiyasını yaratmaq üçün heç bir ciddi tədqiqat aparmayıb. Ümumən ölkədə reallaşan təhsil islahatının heç bir elmi təminatı yoxdur. Bu gün informasiya cəmiyyəti və süni intellekt dövründə elmə əsaslanmayan proseslər, o cümlədən təhsil islahatları tərsinə qurulmuş təhsil sistemi yaradıb. Ekspertlər deyirlər ki, 1 il səhv istiqamətdə gedən təhsil islahatının nəticələrini aradan qaldırmaq üçün 5-10 il vaxt lazım ola bilər.
Təhsilin "rasionallaşma"sı və məşğulluğun “optimallaşdırılması”nın əsas səbəbi, daha az maliyyə xərcləməkdir. Amma ETN-də dostların QHT və MMC-lərinin əhəmiyyətsiz layhələri üçün pul xərcləyəndə heç qənaət haqda düşünmür. İllər ərzində universitetlərimizin büdcəsinin azlığı, bəzi menecerlərin səriştəsizliyi və məsuliyyətsizliyi, ali təhsil islahatlarının səhv layihələnməsi, səmərəsiz və yarımçıq icrası keyfiyyətli insan kapitalı yaratmağa imkan vermədi. İndi belə rasionallaşmalarla universitetlər keyfiyyətli insan kapitalı yaratmaq imkanı daha da azalacaqdır.
Əgər təhsil büdcəsi son 5 ildə dinamik artırsa, onda bu optimallaşmalara ümumiyyətlə, nə ehtiyac var? Sadəcə təhsil büdcəsini düzgün planlaşdırmaq və səmərəli icra etmək lazımdır, indiki kimi israfla yox.
Qənaət ediləcək bu pullar universitetlərin hansı problemlərinin həllinə yönələcək ki? İndiyə qədər universitetlərin hansı problemləri həll edilib ki?..
20 ildir ki, universutetlərimiz yarımçıq maliyyələşdirmə səbəbi ilə Boloniya prosesinə qoşula bilmirlər. Bütün bu işlərin bir səbəbi az maliyyədirsə, digər səbəbi də məmur səriştəsizliyidir. Görünür, təhsil menecerləri üçün peşə standartını yaratmaq və bu əsasda yenidən, daha peşəkar ETN komandasını formalaşdırmaq lazımdır. Əks halda ölkədə reallaşması nəzərdə tutlan rəqəmsal transformasiya prosesləri şəraitində adekvat təhsil sistemi qurmaq mümkün olmayacaq.
Son illərin təcrübəsi göstərir ki, ETN-dəki qeyri-peşəkar komanda ilə perspektivli təhsil sistemi qurmaq, keyfiyyətli insan kapitalı yaratmaq, ölkəni postneft dövrünə hazırlamaq mümkün deyil. Bu səbəblərdən rasionallaşma və optimallaşdırma proseslərini ilk növbədə ETN-dən başlamaq lazımdır, yoxsa təhsil sistemi düzəlməyəcək. Ölkənin ali təhsil strategiyası yoxdur, 6- 7 ildir ali təhsil haqqında qanun üzərində iş yekunlaşmaq bilmir. Ölkə hər 100 000 nəfərə əhaliyə düşən ali təhsilli insanların sayına görə qonşu ölkələrdən geridədir. Universitetlərin sayı və tələbə qəbulu planı azalarsa, biz daha da geriləyə bilərik. Əmək bazarında vakant iş yerlərinin az olması da rasionallaşma haqda qərara təsir edir. Təəssüf ki, neft pullarının çox gəldiyi illərdə TN ölkədə normal ali təhsil sistemi formalaşdıra bilmədi, universitetləri inkişaf etdirmədi. Növbəti illərdə ali təhsilin maliyyələşməsi, islahat imkanları, ehtimal ki, azalacaqdır.əə
Əvvəlki illərdə universitetlər zəif maliyyələşdilər, investisiyalar olmadı, olan az pul da əsasən təmir-tikintiyə yönəldi. Bu səbəblərdən universitetlərimiz rəqabətqabiliyyətli ola bilmədi, əmək bazarı və sənayedən uzaq düşdü, elm inkişaf etmədi, rəqəmsal yetkinlik, süni intellekt dövrünə hazırlıq zəif oldu.
Çünki təhsil menecerləri bir çox hallarda nəyi, nə vaxt və necə edəcəklərini bilmirlər. Universitetlərdə 4 il bakalavr, 2 il magistr təhsili verməklə keyfiyyətli insan kapitalı yetişdirə bilmədiksə, 3+2 illik təhsillə bunu edə biləcəyikmi? Bu məzunlar özlərinə yeni iş yerləri yarada biləcəkmi?..
Dosent İlham Əhmədov”



























