Tehsil.media saytının redaksiyasına daxil olan informasiyanı heç bir dəyişiklik etmədən olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Heydər oğlu Əliyevə
Möhtərəm Ali Baş Komandan!
Sizin siyasi, iqtisadi, sosial və hərbi sferalarda ölkəmizdə apardığınız dərin siyasət, digər dövlətlərin arzuladığı innovativ inkişaf səviyyəsini öncələyən çoxşaxəli fəaliyyətiniz, daim yenilənən peşəkar kadr islahatlarınız və onlara ciddi nəzarət mexanizmləriniz hüquqi dövlətimizin gücünü günbəgün artırır. Siz kadrları seçərkən Ümummilli Liderin təcrübələrindən istifadə edirsiniz, çünki o bacarıqlar təkrarolunmazdır. Sahəsindən asılı olmayaraq hər bir kadra rəhbərlik edəcəyi istiqamət üzrə necə işləməli olduğunu tövsiyə edirsiniz.
Hörmətli İlham müəllim,
Sizin ictimaiyyətə, xüsusilə ziyalı təbəqəyə ölkədə bütün istiqamətlər üzrə fikirlərini demək, təkliflərini vermək imkanı yaratmağınız Azərbaycan Dövlət Aqrar Universitetinin qocaman kollektivinə də cəsarət verdi ki, Siz Zati-alilərinə müraciət edək və qeyri-neft sektorunun inkişafında əsas faktor olan kadr hazırlığının təşkilinə təkan verə biləcək məqamlara toxunaq. Digər sahələrdə olduğu kimi aqrar sektorda da konkret işlə məşğul olmayıb illüziya yaradanlar mövcuddur. Onların əsas fəaliyyəti zəhmət çəkmədən vaxt keçirmək, özlərinə mənsəb toplamaq, animasiyalar etməklə saxta inkişaf görüntüsü yaratmaqdır.
Möhtərəm Prezident,
Yüz ildən artıq tarixi olan Azərbaycan Dövlət Aqrar Universitetinə müxtəlif illərdə Ümummilli Liderin şəxsən tanıdığı peşəkar rektorlar rəhbərlik etmişlər. Onlar ölkədə kənd təsərrüfatının bütün sahələri üzrə təcrübələri və bilikləri ilə Ümummilli Lider qarşısında verdikləri hesabatlara görə cavabdehlik daşımış, hazırlıqlı kənd təsərrüfatı kadrları yetişdirməklə təhsil ocağının nüfuzunu daim qorumuşlar.
Cənab Prezident,
Siz bu universitetə yetərincə investisiya ayırdınız. Görülən işlərin açılışına üç dəfə şəxsən gəldiniz və bu kollektivi misilsiz dərəcədə şərəfləndirdiniz. Bu cür maddi-texniki baza, arzulanan imkanların artıq mövcudluğu peşəsini sevən kadrları daha yaxşı çalışmağa sövq etsə də, təəssüf ki, bu peşəni sevməyən, kimlərinsə qapısında saatlarla dayanmaqla Prezident Administrasiyasına yol tapan, aqrar sahəni və tədrisi bilmədiyi halda universitetə Zəfər Qurbanov təsadüfən bu qocaman təhsil müəssisəsinə rektor gəldi. Onun naşı rəhbərliyi sayəsində kənardan karyera üçün gətirdiyi, aqrar sahəyə aidiyyəti olmayan kadrların qeyri-peşəkar fəaliyyəti çoxsaylı professor-müəllim və tələbə heyətinin peşəkar imicinə ali rəhbərliyin qarşısında etimadsızlıq yaradır.
Universitetin rektoru Zəfər Qurbanov yeni təyin olunanda aqrar sahəni öyrənəcəyi, Cənab Prezidentin kənd təsərrüfatının inkişafına dəstəyə dair qəbul etdiyi dövlət proqramları ilə maraqlanacağı, bu istiqamətdə mütəxəssisləri toplayıb fəaliyyət göstərəcəyi gözlənilirdi. Lakin çox keçmədi ki, ixtisası neft və qaz quyularının avtomatlaşdırılması olan rektor “mən menecerəm” deyərək bəzi xarici şoumen sözlər işlətməklə istiqamətini dəyişdi. İdarəetməni aqrar sahədən anlayışı olmayan, şəxsi maraqları əsasında işə qəbul etdiyi şəxslərə həvalə etdi. Bu insanın təcrübəli aqrar ixtisaslı kadrlara qarşı sanki qısqanclığı başladı. Ancaq animasiyalı PR-lar, selfi fotoçəkilişlər kadr hazırlığı sahəsində göstəricilərin yerində olduğu təəssüratı yaratmaq üçün sosial şəbəkələrdə şou xarakterli paylaşımlarla təqdim edildi.
Qurbanov rektor olaraq işinin əsas ana xəttini universitetdaxili və EGE Universiteti ilə ikili diplom layihəsinə SOCAR tərəfindən ayrılan külli miqdarda vəsaitlərin tender-kotirovkalarına, bir sözlə, qaranlıq alqı-satqılara, pullu kadr siyasətinə həsr edir. Halbuki universitetin mütəxəssis kontingentinin dəstəyi ilə Dünya Bankının layihəsi əsasında qurulmuş fermalardakı cins mal-qaranı müasir metodlarla artırmaq, perspektivli cinslər əldə etmək, bu sahədə peşəkar baytar və zoomühəndislər yetişdirmək mümkün idi. Yetişdiriləcək ətlik və südlük istiqamətli heyvanların zəncir xətti ilə fermerlərə satışından nəzərəçarpan gəlir əldə etmək, daxili ehtiyacların qarşılanmasında aqrar təhsil ocağının töhfələrini görmək olardı. Ancaq rektor əksinə, “baxa bilmirik” deyərək bu cür cins mal-qaralara zooinjinirlik xidmətini təşkil etmədi, əksinə heyvanların sayını azaltdı.
Universitetin inkişafı onun üçün əhəmiyyət daşımırdı; o, öz işini Bakıda aksionerliklə, rəhbər şəxslər arasında söz satmaqla qurur, bunu düzgün menecment kimi təqdim edirdi. Bu azmış kimi, Zəfər Qurbanov 2025-ci ildə Milli Məclisin aqrar siyasət komissiyasının iclasında aqrar təhsillə bağlı keçirilən dinləmələrdə deputatların bu gün ölkədə aqrar mütəxəssis çatışmazlığı ilə bağlı iradlarını ironiya ilə səsləndirdi. Bu yanaşmanı təbii qarşılayırıq, çünki Qurbanov üçün bu strateji problem yox, xülyasında olduğu “uğur tramplini” vacibdir.
Cənab Prezident,
Siz təyinat zamanı kadrlara cavabdeh olacaqları müəssisələri idarə edərkən öz ambisiyalarına qapılmamaları, özfəaliyyətlə məşğul olmamaları, peşəkar kadrlarla səmərəli iş qurmaları barədə tapşırıqlar verdiyinizin daim şahidi olmuşuq.
Sizin tapşırığınız əsasında qurulan Türkiyə Respublikasının EGE Universiteti ilə ADAU-nun ikili diplom layihəsinin tədris-metodiki və digər rəhbər heyət müzakirələrinə, ikitərəfli səfərlərə rektorun özü başda olmaqla qeyri-ixtisas sahibləri qatılır. Bu qədər ciddi layihənin idarə olunmasında Aqrar Universitet tərəfindən peşəkar əməkdaşlar iştirak etmirsə, Türkiyədə aqrar sektorun inkişafında öz sözünü demiş EGE Universitetinin alimləri ilə onlar hansı aqrar problemləri müzakirə və təhlil edirlər, peşəkar mütəxəssis hazırlığından necə danışırlar?
Universitetin Elmi Şurasında EGE Universiteti ilə bağlanmış beynəlxalq təhsil proqramlarının birgə tətbiqinə dair protokolun icra mexanizmi və layihə dəyəri indiyədək müzakirə olunmayıb. Məlumatlara əsasən layihənin maliyyə hissəsində xərclər smetası səmərəli deyil, rektorun istəyinə uyğun tərtib olunur. Bu cür fərdi yanaşma ikili diplom səviyyəsində ixtisaslı kadr hazırlığına yönələn bir layihəyə hörmətsizlik deyilmi?
Rektor “mən təmiz, şəffaf işləyirəm” deyir. Lakin 2025-ci ildə Baş Prokurorluğun təqdimatı əsasında Maliyyə Nazirliyindən gələn yoxlama komissiyası ciddi yeyintilər və nöqsanlar aşkarladı. Bu əsasla Gəncə şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlatdı. Buna baxmayaraq, Z.Qurbanov hansı variantlarla Prezidentin sərəncamına nail olmuşdursa, həmin üsullarla da ali hüquq-mühafizə orqanının qəti qərar verməsinə mane olmağa çalışır.
Aqrar elmi yanaşmalar əsasında təcrübə mübadiləsi məqsədilə xarici və daxili şirkət nümayəndələri ilə görüşlərdə yalnız rektorun özü və onun “peşəkar” komandası iştirak edir. Bu isə aqrar təhsil ocağının təcrübəli əməkdaşlarının qarşı tərəflə elmi əsaslandırılmış işgüzar dialoq qurmasına, təklifləri təhlil etməsinə, yeni texnologiyalardan birgə istifadəyə dair təşəbbüslər irəli sürməsinə mane olmurmu?
Möhtərəm Prezident,
Universitet kollektivinin adından Sizdən bir vacib xahişimiz də vardır.
Bu qocaman, torpaqdan yoğrulmuş ali təhsil müəssisəsinin rektorundan soruşulsun: hansı cəsarətlə Ümummilli Lider Heydər Əliyevin illərdir universitetin akt zalının səhnəsini bəzəyən və qızıl hərflərlə yazılmış
“Mən hər kəsə tövsiyə edirəm ki, göstərilən etimadı qiymətləndirsin. Etimada sədaqətlə xidmət etsin.”
H. Əliyev müqəddəs kəlamının üstünü əksi parçası ilə örtmüşdür. Əslində bu məsuliyyətsiz hərəkət qorxaqlıqdır. Çünki hər hansı rəhbər o tövsiyəni oxuyub əks əməllərlə məşğul olursa, o, gündə on dəfə mənəvi cəhətdən ölüb-dirilməlidir. Bu isə həmin hala düşməkdən guya bu cür qorunmaq cəhdidir