
Hər zaman fərqli və maraqlı layihələri ilə seçilən Xırdalan şəhər 10 saylı orta məktəbin rəhbərliyi bu dəfə də öz ənənəsinə sadiq qalıb.
tehsil.media xəbər verir ki, təhsil müəssisəsində "Sən elə bir zirvəsən" adlı respublika ifa müsabiqəsi keçirilib. Məktəbin pedaqoji kollektivinin və şagird heyətinin iştirak etdiyi tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca çıxış edən məktəbin direktoru Fəxriyyə Hüseynova Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə təhsil müəssisələrinə göstərilən xüsusi diqqət və qayğıdan söz açıb. Direktor bildirib ki, həmin dövrdə ölkədə məktəblər, ali və orta ixtisas təhsil müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət alıb, təhsil infrastrukturu tamamilə yenilənib.
Ümummilli liderin, "Mən müəllimdən yüksək ad tanımıram" sitatını xüsusilə vurğulayan Fəxriyyə Hüseynova Heydər Əliyevin bu şərəfli peşəyə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Çıxışlar yekunlaşdıqdan sonra ədəbi-bədii kompozisiya ilə davam edən tədbirdə məktəbin şagirdləri tərəfindən hazırlanan və Ulu Öndərə həsr olunan albomun təqdimatı baş tutub.