Qarabağ Universitetində mədəniyyət gecəsi keçirilib
Qarabağ Universitetində keçirilən QUMUN 2026 konfransı çərçivəsində yerli və xarici tələbə və gənclərin iştirakı ilə mədəniyyət gecəsi təşkil olunub.
Aztəhsil.az xəbər verir ki, mədəniyyət gecəsində Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələri musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Bununla yanaşı, İndoneziyalı iştirakçı tərəfindən milli rəqs performansı təqdim edilib.
Mədəniyyət gecəsinin əsas məqsədi konfrans iştirakçıları arasında mədəniyyətlərarası dialoqu təşviq etmək, qarşılıqlı anlaşmanı gücləndirmək və yerli və beynəlxalq tələbə və gənclər arasında dostluq münasibətlərinin formalaşmasına töhfə vermək olub. Tədbir iştirakçılara qeyri-formal mühitdə ünsiyyət qurmaq, fərqli ölkələri təmsil edən gənclərlə fikir mübadiləsi aparmaq və yeni əlaqələr yaratmaq imkanı təqdim edib.
QUMUN 2026 çərçivəsində keçirilən mədəniyyət gecəsi konfransın yalnız akademik və diplomatik platforma deyil, eyni zamanda beynəlxalq gənclər əməkdaşlığı və mədəni inteqrasiya mühiti olduğunu bir daha nümayiş etdirib.
Qarabağda ilk dəfə keçirilən beynəlxalq BMT Modeli konfransı regionun beynəlxalq akademik, tələbə, gənclər və mədəni əməkdaşlıq platforması kimi inkişafına mühüm töhfə verir.



























