“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib
Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib.
Tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Nəcəfova, Xızı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Murad Hacıyev, eləcə də həmin qurumların əməkdaşları və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
İlhamə Abdullayeva çıxışında olimpiada iştirakçılarını təbrik edərək bu cür yarışların şagirdlərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onların təlim motivasiyasına və özünəinam hissinə də müsbət təsir göstərdiyini bildirib.
Tədbirdə Sumqayıt şəhər məktəbliləri musiqi və rəqs kompozisiyaları ilə çıxış ediblər.
Bilik yarışında hər bir rayon üzrə 6 nəfərdən ibarət IX–XI sinif şagirdləri riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə səsləndirilən sualları cavablandırıblar.
Qeyd edək ki, bu olimpiadanın keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində şagirdlərin fənlərə marağının artırılması, sağlam rəqabət mühitinin formalaşdırılması və regionlararası dostluq əlaqələrinin gücləndirilməsidir.
Sonda yarışın yekun nəticələrinə əsasən Abşeron rayonu üzrə təhsil müəssisələrinin şagirdlərindən ibarət “Abşeron” komandası region mərhələsinin qalibi elan olunub. Komanda “Zəkaların mübarizəsi” olimpiadasının respublika mərhələsində Abşeron-Xızı Regional Təhsil İdarəsini təmsil edəcək.




































