Qalmaqallı şəkildə işdən çıxarılan bağça direktoru sifarişlə bərait alır?
202 saylı uşaq bağçasının keçmiş müdiri Simuzər Paşayeva ətrafında qalmaqallar səngimək bilmir.
Bir müddət əvvəl müəssisədə “ölü canlar”ın olması, büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı səsləndirilən iddialar yenidən diqqət mərkəzinə düşüb.Belə ki, ilkin məlumatlarda bağçada 174 min manatlıq mənimsəmə faktının aşkarlandığı bildirilsə də, sonradan bu məbləğin 29 min manata qədər “azaldılması” ciddi suallar doğurur. İctimaiyyət arasında formalaşan rəyə görə, bu cür kəskin fərq sadəcə texniki düzəliş kimi izah edilə bilməz və prosesin şəffaflığına kölgə salır.Məsələ ilə bağlı ən diqqətçəkən məqam isə qarşıdan gələn məhkəmə prosesi ilə bağlı səsləndirilən iddialardır. Bildirilir ki, bu gün saat 15:00-da Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçiriləcək iclasda Simuzər Paşayevaya bəraət verilməsi gözlənilir.Daha da maraqlısı odur ki, bu ehtimalın əvvəlcədən “dəqiqliklə” ifadə edildiyi iddia olunur. Mənbələrin bildirdiyinə görə, Paşayeva özü yaxın çevrəsində məhkəmə nəticəsinin artıq “həll olunduğunu” deyib. Bu isə prosesin obyektivliyi ilə bağlı ciddi şübhələr yaradır.Əgər bu iddialar təsdiqini tapsa, söhbət təkcə bir bağçada baş verən maliyyə pozuntularından yox, eyni zamanda hüquqi sistemə inamın sarsılmasından gedəcək.İctimaiyyət indi sual edir: 174 min manat necə oldu ki, 29 min manata “əridi”? Və ən əsası – məhkəmə qərarı doğrudanmı əvvəlcədən məlumdur?Bütün bu suallara aydınlıq gətirəcək əsas məqam bu gün keçiriləcək məhkəmə iclasının nəticəsi olacaq.
Aztimes.az



























