Təqaüdlərə görə tələbələrin balları aşağı salınır? - “Müəllimə yaraşmayan hərəkətdir”
Keçdiyimiz günlərdə deputat Naqif Həmzəyev qeyd edib ki, bir çox universitet tələbəsinin imtahan zamanı balları məqsədli şəkildə azaldılır və əlaçı təqaüdü almaqda çətinlik çəkirlər.
Maraqlıdır ki, universitetlərdə tələbələrin imtahan ballarının məqsədli şəkildə azaldılması iddiaları ali təhsil sistemində qiymətləndirmə mexanizmlərinin şəffaflığına nə dərəcədə təsir edir? Mövcud normativ-hüquqi baza bu kimi halların qarşısını almaq üçün yetərlidirmi və əlavə hansı institusional nəzarət mexanizmlərinə ehtiyac var?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev açıqlama verib.
O bildirib ki, heç bir müəllimin tələbənin təqaüd ala bilməməsində maraqlı olması arzuolunan və məntiqli deyil:
"Ümumiyyətlə, bu məsələ ilə bağlı tələbələr tərəfindən ciddi şikayət və narazılıqlar səsləndirilir. Hətta bəzi tələbələr iddia edirlər ki, onların təqaüd ala bilməməsi üçün müəyyən müəllimlər tərəfindən qiymətlərin aşağı salınmasına və ya kəsilmələrə təsir göstərilir. Bəzi hallarda isə ayrı-ayrı ali təhsil müəssisələrinin bu məsələdə maraqlı olduğu da qeyd olunur.
Bu iddiaların nə dərəcədə inandırıcı olub-olmaması mübahisəlidir. Əlbəttə, qiymətləndirmə prosesi hər müəllimin şəxsi məsuliyyəti və təşəbbüsü çərçivəsində həyata keçirilir. Burada sual yaranır: doğrudanmı hansısa müəllim tələbənin təqaüd ala bilməməsində maraqlı ola bilər və ya bunun ona nə kimi faydası var?
Şəxsi mövqeyim ondan ibarətdir ki, heç bir müəllimin tələbənin təqaüd ala bilməməsində maraqlı olması arzuolunan və məntiqli deyil. Çünki tələbəyə verilən təqaüd universitetin büdcəsindən deyil, dövlət tərəfindən ayrılır. Ona görə də təqaüdün məqsədli şəkildə kəsilməsinə təsir göstərmək və ya bunun komanda şəklində həyata keçirilməsi həm qanunsuzdur, həm də qətiyyən yolverilməzdir. Bu cür cəhdlər istər universitet rəhbərliyi, istərsə də müəllim səviyyəsində baş versə, qəbul edilə bilməz".
Heç bir universitet rəhbərliyinə və ya müəllimə belə bir səlahiyyət verilməyib ki, məqsədli şəkildə tələbənin təqaüd ala bilməməsi və ya yüksək bal toplamaması üçün xüsusi səylər göstərsin, onun qiymətinin azaldılmasına və ya kəsilməsinə təsir etsin:
"Bundan əlavə, bu yanaşma müəllim adına və vicdanına yaraşmayan bir davranışdır. Tələbənin təqaüdünün məqsədli şəkildə kəsilməsi ciddi mənəvi məsuliyyət yaradır. Nəzərə almaq lazımdır ki, bəzi tələbələr üçün təqaüd əsas dolanışıq vasitəsidir və onların gündəlik ehtiyaclarının ödənilməsində mühüm rol oynayır. Bu baxımdan, məqsədli şəkildə təqaüdün qarşısının alınması tələbəyə vurulan zərbə kimi qiymətləndirilə bilər.
Bəzi hallarda tələbələrin uğursuzluqlarına görə məsuliyyəti müəllimin üzərinə atması halları da müşahidə olunur. Məsələn, tələbə imtahandan kəsildikdə və ya bir-iki bal çatmadıqda bunu müəllimin qərəzli münasibəti ilə əlaqələndirə bilir. Belə hallar da istisna deyil.
Lakin əgər tələbələrin ballarının məqsədli şəkildə azaldılması və ya sistemli şəkildə təqaüddən kənarlaşdırılması halları real olaraq mövcuddursa və bununla bağlı konkret faktlar ortaya çıxarsa, müvafiq ali təhsil müəssisəsinin rəhbərliyi və məsul şəxsləri barədə ciddi intizam və hüquqi tədbirlər görülməlidir. Bu tədbirlər hətta rəhbər vəzifədən uzaqlaşdırılmaya qədər gedə bilər. Əgər belə yanaşma və ya hər hansı universitet rəhbərliyi tərəfindən kollektiv şəkildə həyata keçirilən tədris siyasəti mövcuddursa, fakt konkret şəkildə araşdırılmalı və məsul şəxslər – istər rəhbərlik, istərsə də müəllimlər - əmək fəaliyyətindən kənarlaşdırılmalıdır.
Çünki heç bir universitet rəhbərliyinə və ya müəllimə səlahiyyət verilməyib ki, məqsədli şəkildə tələbənin təqaüd ala bilməməsi və ya yüksək bal toplamaması üçün xüsusi səylər göstərsin. Bu, birincisi, müəllim vicdanına yaraşmayan bir davranışdır. İkincisi isə, hüquqi əsas yoxdur. Tələbənin təqaüdünün məqsədli şəkildə kəsilməsi və ya balının qəsdən aşağı salınması qətiyyən yolverilməzdir.
Əgər belə hallar mövcuddursa, onların qarşısının alınması üçün müvafiq qurumlara məlumat verilməlidir. Bu istiqamətdə Elm və Təhsil Nazirliyinə və ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət edilə bilər, araşdırma aparılmalı və nəticəyə uyğun ciddi tədbirlər görülməlidir".
Nəzarət mexanizmləri yalnız şikayət əsasında deyil, proaktiv şəkildə də işləməlidir:
"Müvafiq qurumlar mütəmadi monitorinqlər aparmalı, universitetlərdə tələbələrlə görüşməli və vəziyyəti yerində araşdırmalıdır. Qeyd etmək lazımdır ki, hazırda ali təhsil müəssisələrində rüşvət halları əvvəlki dövrlərlə müqayisədə minimum səviyyəyə enib və bu istiqamətdə ciddi addımlar atılıb. Əvvəllər rüşvət verməyən tələbələrin ballarının azaldılması və ya rüşvət qarşılığında qiymətlərin artırılması halları müşahidə edilirdi, hazırda belə halların geniş yayılması barədə məlumat yoxdur.
Bu baxımdan sual yaranır: müəllimin belə bir addımı atmaqda nə marağı ola bilər? Əgər ortada hər hansı maddi və ya başqa qazanc yoxdursa, tələbənin balını məqsədli şəkildə azaltmaq artıq vicdan məsələsinə çevrilir. Belə davranış nə müəllim adına, nə də təhsil prinsiplərinə uyğun deyil".