Son zamanlarda müəllimlərə hədə-qorxu gəlib ərizə yazdırmaq, müəyyən qərarların öz şəxsi istəkləri ilə olması adı altında qanunsuzluqlar baş alıb gedir. Buna aid bir neçə xəbər paylaşsaq da, aidiyyatı qurumlar heç bir addım atmır. Xüsusən ikili dərslərdə Fiziki tərbiyə, informatika, xarici dil və s kimi dərslərdə bir müəllimin könüllü olaraq və ödənişsiz şəkildə dərsləri öz üzərlərinə götürməsinə dair zorla ərizə yazdırılır. Əlavə maaş verilməsin, vakansiya çıxarılmasın və pul direktorla zavuça qalsın deyə oynanılan bu oyunlar xüsusilə müəyyən bölgələrdə geniş şəkildə yayılmışdır.
Bu artıq müəllimlərə qarşı olan qanunsuzluğun son həddidir. Müəllimlər nə vaxta kimi hədə-qorxu, şantaj altında qalacaqlar. Kimsə yazmaq istəməyəndə də mobbinqə məruz qalır, maaş kəsmək, işdən azad olmaq və s kimi təhdidlərlə üzləşir. Bu nə vaxta kimi belə olacaq?
Bütün qurumlar müəllimlərə hədə qorxu gəlir. ARTİ deyir səs çıxardanı işdən çıxardaram, ETN deyir kimsə şikayət etsə, işdən çıxardaram, MÜTDA deyir heç kim şikayət etməsin, TKTA deyir kiminsə səsini eşitməyək, Regional və direktorlar da bir yandan... Bu nə vaxta qədər belə davam edəcək? Bu qədər müəllimləri alçaltmaq, hədələmək, şəxsiyyətlərinə toxunmaq, azadlıqların əllərindən almaq düzgün deyil. Təhsildə bu qədər qanunsuzluq, zorakılıq, təhdid olmamalıdır. Mütləq şəkildə bu qurumların müəllimləri təhdid və şantaj etmələri Prokurorluq, DTX tərəfindən araşdırılmalı və vızifələrindən sui-istifadə edərək qanunsuzluqlarını şantajla ört-basdır edilənlər işdən azad edilməli, hətta məsuliyyətə cəlb edilməlidir.