"Kenquru" olimpiadasının sualları satılır... FOTOFAKT
"Kenquru" Beynəlxalq Riyaziyyat Olimpiadası ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. İmtahanın keçirilmə prosesində tətbiq olunan təzyiq və məcburiyyət iddialarına indi də daha ciddi bir problem — sualların sızdırılması halları əlavə olunub.
Tehsil.media qeyd edir ki, əldə edilən məlumatlara görə, imtahan sualları hələ sınaq başlanmazdan əvvəl müxtəlif kurslarda əldən-ələ gəzir. Bu da bəzi şagirdlərin imtahana öncədən hazırlanmasına şərait yaradır ki, nəticədə vəziyyət daha da gərginləşir. Xüsusilə "YouTube" platformasında yayılan bəzi videolar imtahandan 20 saat öncə sualların izahının verildiyini açıq şəkildə nümayiş etdirir.
Müəllimlər şagirdlərdə maraq oyadır, onları bu yarışmaya həvəsləndirirlər. Valideynlər isə övladlarından ədalətli rəqabət şəraitində yüksək nəticə gözləyirlər. Belə bir məqamda sualların kimlərəsə əvvəlcədən verilməsi həm şagirdlərin əməyinə, həm də müəllim və valideynlərin etimadına böyük zərbə vurur.
İmtahanın keçirilməsində yol verilən iddia olunan zorakı metodlar və sualların gizliliyinin qorunmaması qəbuledilməzdir. Şəffaflığın olmadığı bir mühitdə keçirilən imtahan nəticələri obyektiv sayıla bilməz. Bu durum haqlı olaraq təhsil ictimaiyyətinin kəskin etirazına səbəb olur.


































