Son illər təhsil mühitində aparılan müşahidələr maraqlı bir məqamı üzə çıxarır: uşağın məktəbə münasibəti, dərs prosesində davranışı və motivasiyası təkcə məktəbin işi deyil. Bu yol, çox zaman, ailə daxilində – evdəki münasibətlərdə başlayır.
Valideyn övladı ilə düzgün ünsiyyət qurduqda, evdə sevgi və anlayış üstünlük təşkil edəndə, uşaq məktəbə daha inamlı daxil olur. Əslində uşağın təhsildə göstərdiyi nəticələrin böyük hissəsi elə bu görünməyən emosional təməldən qaynaqlanır.
İnsan öz valideynindən gördüyü səmimiliyi bu gün övladlarına tətbiq etdikdə, valideyni ilə düzgün münasibəti, güvəni, inamı ötürdükdə daha uğurlu bir təhsil həyatı yaşayır.
Uşağa sevgi göstərmək, onu dinləmək və sərt qadağalar əvəzinə düzgün izah yolu seçmək tərbiyəni də, öyrənmə prosesini də daha sağlam edir. Evdəki rahat mühit uşaq üçün təhsilə açılan ilk qapıya çevrilir.
Bu mənzərənin digər tərəfi isə müəllimlərdir.
Cəmiyyətin çox vaxt görmədiyi, amma təhsilin ağır yükünü daşıyan insanlar. Müxtəlif ailə mühitindən gələn onlarla, yüzlərlə uşaqla işləyən müəllimlər bəzən evdə yaranan boşluqları belə doldurmağa çalışırlar. Bir uşaq evdə dəstək görmürsə, müəllimin işi iki dəfə çətinləşir. Əksinə, ailə ilə məktəb arasında anlayış və əməkdaşlıq varsa, təhsil prosesi də bir o qədər sağlam gedir.
Müşahidələr göstərir ki, evdə sevgi və güvənlə böyüyən uşaq müəllimlə daha rahat ünsiyyət qurur, dərsdə daha aktiv olur və özünü daha inamlı hiss edir. Bu zaman müəllimin də işi yüngülləşir, çünki uşaq təhsilə artıq hazır şəkildə daxil olur.
Beləcə, təhsilin uğuru yalnız dərs otaqlarında formalaşmır.
Kökü evdə atılan münasibətlərdən başlayır, məktəbdə müəllimin əməyi ilə formalaşır və uşağın həyat yoluna çevrilir. Ailə güclü olanda təhsil möhkəm olur; müəllim güclü olanda isə uşağın yolu daha işıqlı görünür.