Məktəblərimizdə yaranan bir çox problemlər direktorların düzgün idarə etməməsindən qaynaqlanır. Tehsilmedia.az olaraq nə qədər direktorlar haqqında yazılar paylaşsaq da, gündəlik sosial mediada yayılan xəbərlər problemin aktuallığını göstərir.
Burdan isə ortaya belə bir sual çıxır. Niyə bəzi məktəblərdə müəllimlər məktəbi uğurla idarə edərkən, bəzi məktəblərdə qanunsuzluqlar, şikayətlər bitmək bilmir? Formal olaraq baxdıqda hamı eyni imtahan və müsahibə ilə "seçilir". Amma həqiqətin bu olmadığını hər kəs bilir. Direktorun düzgün seçilməsi çox önəmlidir. Direktor düzgün seçilməzsə, heç bir müəllim komandası, metodika, dərslik - heç bir şey uğurla işləməz.
Ümumi şəkildə qeyd edə bilərik ki, məktəblərdə əsasən 5 tip direktor var.
1. İşini ustası olan, vicdanla çalışan direktorlar
Belələri məktəbin nəfəsidir. Müəllim rahatdı, şagird güvəndədi, məktəb inkişaf edir. Təəssüf ki, sayları çox deyil.
2.Müsahibə suallarını əzbərləyib direktor kreslosuna çatanlar
Kağız üzərində “ideal”, real həyatda isə idarəçilikdən xəbərsiz. Kollektivlə dil tapa bilmirlər, məktəb ritmini itirir. Çoxu tapşırılırlar.
3. “Himayə ilə” təyin olunan direktorlar
Bilik yox, bağlantı işə yarayır. Məktəbdaxili ədalət pozulur, kollektiv parçalanır, inkişaf dayanır. Xüsusilə Eşqi Bağırovun arxasında durduğu bu direktorlar məktəblərdə at oynadırlar.
4. Qərəzli kadr siyasəti aparanlar
Müəllimi “öz adamı” və “digərləri” olaraq iki yerə bölən direktorlar. Motivasiya düşür, gərginlik artır, keyfiyyət aşağı düşür. Xüsusilə Regionallarda çox geniş yayılıb.
5. Şou və görüntünü sevən direktorlar
Şəkil, post, tədbir… hər şey var. Bir tək real iş, real dəyişiklik yoxdur. Məktəbin problemi isə kamera üçün deyil, iş üçün həll olunur — bunu anlamırlar. Bu da yeni tip direktorlarımızdır.
Bizə isə peşəkar səviyyədə işləməyi bacaran, vicdanlı insanlar lazımdır. Dürüst, savadlı və məsuliyyətini dərk edən direktorlar...